Ötən əsrin birinci yarısında ədəbiyyat xəzinəmizə töhfələr verən ədiblərimizdən biri də İbrahim bəy Musabəyovdur. O, dövrünün nasirləri arasında öz mövzusu, bədii tipləri, maraqlı təhkiyəsi ilə seçilib. Bu il ədibin anadan olmasının 140 illiyidir.

İbrahim bəy Mehdi bəy oğlu Musabəyov 1880-ci ildə Şəki qəzasının Qutqaşen kəndində (indiki Qəbələ şəhəri) dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə alır. 1898-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Bu təhsil ocağını 1902-ci ildə bitirib təyinatla Şəki şəhərində üçüncü rus-tatar məktəbində müəllimlik fəaliyyətinə başlayır. Doqquz il burada dərs dedikdən sonra Bakıya gəlir. Birinci rus-tatar məktəbində işə düzəlmək üçün müəllimlər komissiyası qarşısında imtahan verir. Beləliklə, İbrahim bəy Musabəyov 1911-ci ildən pedaqoji fəaliyyətini Bakıda davam etdirir.

İ.Musabəyov pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. “Məktəb” jurnalı ilə sıx əməkdaşlıq edir. “Çay”, “Rəhimli arvad”, “Rzanın qutusu” hekayələri və rus yazıçısı V.Q.Korolenkodan tərcümə etdiyi “Kor və onun yoldaşı” hekayəsi dərgidə işıq üzü görür. O daha sonra B.N.Polevoyun “İki dost, iki yol” hekayəsini dilimizə tərcümə edir. Müəllif qeyd olunan əsərlərini “Üç hekayə” adı ilə 1915-ci ildə nəşr etdirir.

Bədii yaradıcılığını davam etdirən yazıçının “Xoşbəxtlər” (1913), “Cəhalət fədailəri” (1914), “Gözəllərin vəfası” (1914), məşhur “Neft və milyonlar səltənətində” (1917) povestləri çap olunur. Maarifpərvər müəllif bu əsərlərində Azərbaycan ədəbiyyatının dəyərli ənənələrini uğurla davam etdirib.

Ədibin ailə-məişət mövzusunda qələmə aldığı “Xoşbəxtlər” əsərində azad sevgi ideyaları əksini tapıb. Mövzu ənənəvi olsa da, öz dövrü üçün də çox aktual idi. Varlı Rəsul kişi oğlu Aslanı evləndirmək istəyir. Lakin bu məsələdə oğlu ilə məsləhətləşmir. Həmçinin deyir ki, bu işdə övladın fikri ilə razılaşmamaq da olar. İ.Musabəyov əsərdə iki gəncin bir-birinə qovuşmasına mane olan feodal-patriarxal adətləri, gənclərin həyatına gətirdiyi çətinlikləri özünəməxsus şəkildə tənqid edir.

Məlumdur ki, XX əsrin əvvəllərində Bakıda neft istehsalı insanların maddi rifah halının yaxşılaşmasına təsir göstərirdi. Burada baş verən ictimai-sosial hadisələr, sözsüz ki, bədii ədəbiyyatda da öz əksini tapırdı. İ.Musabəyovun ədəbi irsində ideya-məzmun cəhətdən diqqəti daha çox cəlb edən “Neft və milyonlar səltənətində” povestidir. Əsər həmin dövrdə Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və pul hakimiyyətinin ifşasına həsr olunmuş maraqlı bədii nümunələrdən hesab edilir. Povestdə təsvir olunan hadisələr Bakının o zamankı həyatının qaranlıq dalanlarına işıq tutur. Əsərin qəhrəmanı yoxsul Cəlil təsadüfən varlanır. Bu, eyni zamanda onda mənfi insani keyfiyyətləri də üzə çıxarır. Onun xarakteri dəyişir və tamamilə başqa bir adam olur. Lakin yeni həyat tərzinə uyğunlaşa bilməyən Cəlil keçmişinə qayıdır...

Qeyd edək ki, povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə “Filma” fransız kino şirkəti 1916-cı ildə dörd seriyadan ibarət kinofilm çəkir. Filmdə rus kino sənətkarları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, Mirmahmud Kazımovski də çəkilir. Əsər 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlaşdırılır.

Araşdırmalarda qeyd edilir ki, İ.Musabəyov 1918-ci ilin yanvar ayında İranın Rəşt şəhərinə gedir. Burada rus dili müəllimi kimi pedaqoji fəaliyyət göstərir. O, eyni zamanda Rəştdə yerləşən çar ordusu hissələrində siyasi təbliğat işləri həyata keçirir. Lakin bu işi çox davam etmir, həbs edilərək Qəzvin şəhərinə aparılır. 1919-cu ilin may ayında həbsxanada yanğın baş verir. Fürsətdən istifadə edən İbrahim bəy Rusiyaya qaçmağa müvəffəq olur. Krıma gələrək kino sahəsində çalışır və iki kinossenari yazır.

İ.Musabəyov 1925-ci ildə Nuxa (indiki Şəki) dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilir. 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olur.

30-cu illərin repressiya dalğası İ.Musabəyovdan da yan keçmir. “Xalq düşməni” kimi həbs olunur və 14 sentyabr 1942-ci ildə Karaqanda şəhərində (Qazaxıstan) sürgündə vəfat edir.

Savalan FƏRƏCOV