Azərbaycan

23 sentyabr 1928 – Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 – 16.12.2011) Bakıda doğulub. Akademik  Opera və Balet Teatrının solisti (1951-1988) olub. Əsas partiyaları: Nigar (“Koroğlu” – Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” – M.Maqomayev), Sevil (“Sevil” – F.Əmirov) və s.

23 sentyabr 1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.

23 sentyabr 1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.

23 sentyabr 1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.

 

24 sentyabr 1982 – Kinooperator Əlibala Musa oğlu Ələkbərov (6.12.1913 – 1982) vəfat edib. 40 ildən çox “Azərbaycanfilm”də çalışıb, bir sıra sənədli filmlərin operatoru və rejissoru olub.

 

25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.

25 sentyabr 1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896-1971) anadan olub. 1927-ci ildən Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.

25 sentyabr 1906 – Azərbaycanın və Türkmənistanın Əməkdar artisti, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.

25 sentyabr 1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906-1973) anadan olub. Tiflis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.

25 sentyabr 1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910-1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.

25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.

25 sentyabr 1913 – Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən” və s.

25 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

25 sentyabr 1929 – Kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929-2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.

 

Dünya

 

23 sentyabr 1901 – Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert; 1901-1986) anadan olub.

23 sentyabr 1913 – Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.

23 sentyabr 1930 – Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.

23 sentyabr 1938 – Alman aktrisası Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng” və s.

 

24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald; 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.

 

25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski; 1765-1833) anadan olub.

25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897-1962) anadan olub.

25 sentyabr 1906 – Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin müəllimi olub.

Hazırladı:  Vüqar ORXAN