Fevral 26-da Azərbaycan Turizm İnstitutunda 17 il bundan öncə erməni terrorçuları tərəfindən xalqımıza qarşı törədilən qəddar və məqsədyönlü soyqırıma-Xocalı faciəsi gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə ATİ-nin rektoru Cəfər Cəfərov açaraq erməni təcavüzündən, Vətənimizin apardığı hərbi və diplomatik mübarizədən danışıb. Daha sonra ATİ-nin Tələbə Gənclər Təşkilatının sədri Musa Mövlamov çıxış edərək Azərbaycan gənclərinin Vətənimizin müdafiəsinə hazır olduqlarını vurğulayıb. Tədbir iştirakçılarına Xocalı soyqırımına həsr edilmiş Türkiyə, İran və Azərbaycan telereportyorlarının işi olan 3 qısametrajlı filmə baxıblar.
   Anım mərasiminin rəsmi hissəsindən sonra tələbələr institutun binasından Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidəyə qədər yürüş keçiriblər. Bundan başqa, Xocalı soyqırımı ilə bağlı ATİ-də bir sıra tədbirlər həyata keçirilib.
   Onu da qeyd edək ki, 26 fevral 2009-cu il saat 12.00-dan etibarən Azərbaycan Turizm İnstitutu, Azərbaycan Texniki Universiteti, “Elcell” Yüksək Sürətli İnternet Xidməti və “Azəri Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı” adlı elektron aksiyaya start verilib.
   FƏXRİYYƏ