Böyük Səhnəmizə ilk peşəkar cığır açan ticarətçi – Cahangir Zeynalov

Artistliyin “mütrüblük”, Səhnənin “əxlaqsızlıq yuvası” sayıldığı bir dövrdə xəlqi mədəniyyət mərdliyi edib, milli ziyalılıq obrazı olub bu tacir. Buna, kültür qaranlığında “tacir aydınlığı” da demək olar. Şəxs(lər)inə hələ də “al-ver adamı” kimi baxılanlardan birisi aa...

Bəs bu qədər aydından (aydınlıqdan) nə qədər sənəd-soraq işıqlığı qalmış?...

Müxtəlif rakursdan baxılası bu çox ilişgən suala mətləbin məğzinə təəssüfümüzün və obyekt-subyektlərdən ibarət tərəflərə rəğbət və məhəbbətimizin düzgün izharı üçün o böyük tacir-aktyorun nəvəsinin – Xalq artisti Cahangir Novruzovun müsahibəsindəki bir neçə incə (və doğma) hal-xallardan başlayaq:

“- Əvvəla deyim ki, Cahangir Zeynalov Azərbaycan professional teatrının mənəvi anlamda qurucularından biri, maddi anlamdasa qurucusudur. Bu adam o gərgin, o korafəhim dövrdə bütün istedadlıları səhnə peşəkarlığı üçün dəstəkləyib, onlara maaş kəsib. Məsələn, ovaxtların səhnə adamları içərisində adı hər kəsdən öndə çəkilən H.Ərəblinskiyə oğlu kimi qayğıkeşlik edib. 

Anamın və rəhmətlik Hüsniyyə nənəmin xatirələri var. Hər ikisi də sözə bolşeviklərdən başlayır. Belə ki, onlar çox şeyə əl qatandan, diribaş dirilərin axırına çıxdıqdan sonra rəhmətə gedənlərin ailələrinə “qədəm” qoyublar. Əsl məqsədsə, ölülərdən qalan var-dövləti ələ keçirmək; yəni, dövlət tərəfindən qanuni qarət! Evlərdən gedən şeylər də ki, muzeylərə deyil, əsasən, erməni müstəntiqlərin nəfinə və Allah bilir, kimlərin evlərinə…   

Nəsibə xanım deyirdi, 7-8 yaşımdaykən “axtaranlar” bizə gəldilər. Evimizdə sandıq kimi bir qutu vardı – içərisində də atamın proqramları, afişaları, məktubları və s.

Sonra nə olur? 

Heç nə, yazı-pozuyla məşğul olan qohum-əqrəbadan gəlib onları yandırıblar və söyə-söylənə bildiriblər ki, bəs, bunlar ələ keçsə, bizi də Sibirə sürərlər!

Davam edirlər ki, onlar siqaret çəkməyə çıxanda xalam qızı Leyla ilə o sandıqdan 5-10 proqram “oğurladıq” – saxlamaqçün yox a, qız uşağıydıq də; bilirdik ki, onları suya qoyanda kraxmalı gedir və içindən əl yaylığı tikməkçün təmiz “batis” çıxır. Amma anamın qorxusundan onları uzun müddət ortalığa çıxara bilmədik...

Beləliklə, o proqramlar indi xatirəyə çevrilib – Azərbaycan Teatr Muzeyində…”.

Bəli... kaş ki, o qızlar (Nəsibə xanım və xalası qızı Leyla) o vaxt tək elə “batis” yox, bolşeviklərin bais olduğu daha mühüm kağızları da “oğurlamış” olaydılar. Ki… bu gün, 30-40 il öncələrədək  çağdaşlarının barəsində çox mətləb-məna hekayətləri danışdıqları Cahangir Zeynalovdan bu qədər az bilgilər deyil, o şifahi, o canlı, o yanğılı söhbətlərə “şahidlik” edəsi, o fədakar sənət təəssübkeşinin halal-haqqını ödəyəsi sənədlər ortada olaydı… 

 

Keçək mümkün faktlara

 

Haqqında var olan az-para məlumatlar da (ötən əsr öncələri milli oyanış hərəkatına başlayan çağdaşlarının nəşr etdirdikləri qəzetlərdə ki, buna da şükür!) çox şey deyir. Onlardan ən təsir-təəccüblüsü isə, bu sanballı teatr-mədəniyyət fədakarımızın cəmi-cümlətanı ibtidai təhsil alması. Bu məqamda ayrıca bir abzasa ehtiyac duydum:

Təhsilcə ibtidai, düşüncəcə ali (və təkrirçilik kimi qiymətləndiriləsi bir təkrarçılıq: özü də tacir)!  

Yüz əlli beş il bundan əvvəl (1865, Bakı) payızın ilk günündə  doğulmuş, gilavar təbiətli, xəzri təbəddülatlı bu “ibtidai”çi-“ticarətçi” tezliklə ovaxtlar Bakıdakı adlı-sanlı elm ocaqlarından olan “Səfa” məktəbində dərs deyəcək, uzun müddət “Səfa” teatr bölməsinin idarə heyəti rəhbərləri sırasında, 1914-cü ildən sədri olacaq, xatirəsi dövrünün ali təhsilliləri tərəfindən mətbu oçerklərdə “milli teatrımızın ilk peşəkar aktyorlarından biri”, “Azərbaycan realist aktyor məktəbinin banisi” kimi qiymətləndiriləcəkdi...    

Hələliksə, Çar imperiyasının “çərpələng”, xoruzdöyüşdürmə oyunlarına (Mirzə Cəlil demiş, “digər vacib əməllərə”) yönəldib, ictimai-siyasi diriliyini öldürməyə çalışdığı Bakı uşaqlarından biri olan, atasının ticarət yolunu davam etdirən Cahangir tay-tuşlarından fərqli olaraq davamlı mütaliəyə başlayır. Tək elə mədə-maddisininin ödənməsilə kifayətlənməyən bu yeniyetmə mənəvi qida üçün Bakıda fəaliyyət göstərən məşhur əcnəbi aktyorlarla əlaqələr qurur, bu milyonçular şəhərinə gələn qastrol truppalarının çıxışlarına müntəzəm tamaşaçılıq edir (o, bunları və digər nəzəri-təcrübi  mülahizələrini traktat səpgili “Teatro dəftərçəsi”ndə qeyd edib). Rus və fars dillərini mükəmməl öyrənir.

Tez-tez oğlanlara “gəlin teatro çıxaraq”, qızlara “siz də tamaşaçı kimi əl çalın” deyən bu oğlan bir kərə o qızcığazlardan birinə pıçıldayır: “Oyunum xoşuva gəlsə, yaxınlaşıb deyərsən bu donum üstdəki qırmızı gülləri sənə ərməğan edirəm”...

O gündən 10 il sonra bu oğlan Azərbaycan teatrında qadın rolunun ilk ifaçısı olur (1885). Bu həm də onun ilk rolu idi.

Onda hələ bu kişinin öz qızının – Azərbaycan teatrı aktrisalarının şahənşahı Nəsibə xanım Zeynalovanın anadan olmasına düz 31 il (1916) qalırmış...    

Bu məqamda o babanın nəticəsi, bu nənəninsə nəvəsi (və adaşı) Nəsibə Novruzovanın xatirələrindən:

“İllər keçdikcə uşaqlıqda eşitdiklərim daha yanğılı olur mənimçün...

Atası haqda “məxfi” söhbətlərlə böyüyən Nəsibə nənəm özünü tanıyandan sonra öyrənib ki, bu qədər məşhur sənətkar-sənətsevər, rəhmdil, insanpərvər Cahangir babam haqda arxivlərdə sənəd, şəkil və s. yox dərəcəsində, məzarısa naməlum...                                                                                                                          Yana-yana deyirdi, Cahangir baban indiki “Şahmat məktəbi”nin yerindəki mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurubmuş. Məşqləri günortaya yaxın salarmış ki, aktyorlara verəcəyi nahar “yerinə” düşsün...

Hər il “Əncüman məktəbi”nin şagirdlərinə, başsız ailələrə xidmətçilərilə xüsusi pay-püş göndərər, tapşırarmış ki, “mənim adım olmasın”. Qızlar Gimnaziyasının şagirdləri üçün həyat yoldaşı Hüsniyyə xanımın “qızıl əlləri” ilə xüsusi çantalar tikdirib, içərisinə pul, lazımi sovqat qoyarmış. Dünyasını dəyişməzdən əvvəl xanımına vəsiyyət edib ki, ”Əncüman məktəbi”nin pulunu kəsməzsən. Nəsibənisə oxut, cahil olmasın...

Vəfatından yüz il sonra həmin binanın divarına barelyefi vuruldu. Bu, ömrünün son illərini yaşayan Nəsibə nənəmçün bir təsəlli oldu...”

 

O, ilk Azərbaycan aktyorudur ki –

 

1910-cu ilin noyabrında səhnə fəaliyyətinin 25 illiyi münasibətilə teatr ictimaiyyəti təntənəli yubileyini keçirib. Özü də, o dövr deyimiycə – “Yomi ali” nam-nişanında. Yubiley haləsində  qəzetlər yazıblar ki, azman aktyorlarımızın səhnəyə gəlişində, həyat və sənət səhnələrində intriqaların söndürülməsində sözükeçər Cahangir Zeynalovun müstəsna ağsaqqallıq xidmətləri olmuş, sənət naminə hamını birliyə çəkmişdir.

Bu “ibtidai” peşəkarın o dövrə məxsus pafos, ritorika, boğazdanyuxarı deklamasiyaçılıq, şit hərəkət-jest kimi süni səhnə “atribut”larına qarşı şəxsi nümunə məktəbi olması, primitivizm estetikası əleyhinə çıxaraq, real oyun-ifa üslubu sistemi yaratması isə daha geniş bir yazıya mövzu...

Bu tacir-sənətkar bugünkü böyük, ali səhnəmizin ibtida çağlarında çox ciddi, başdan-başa dramatik rollar yaratsa da, deyilənlərə görə, bütün daxili “mən”i ilə heyrətamiz dərəcədə komik imiş. Lakin dövrün mədəni-mənəvi nəbzi onu, daha çox, ciddiyyətə, “qırımından qan dammaq”lığa çəkirmiş. Hərdən də dost-tanışına söylərmiş ki, zaman gələcək, Azərbaycan teatrının səhnələri “qaş-qabaq” ovqatından qurtulub, öz tamaşaçılarını şaqraq qəhqəhələrə qərq edəcək!

Bu anda qeyd edək ki, o rəhmətliyin gözlədiyi həmin “zaman” çox gecikmədi və umurunda olduğu “qəhqəhələr”in böyük (və ikicə-üçcə!) yaradıcılarından biri də öz doğma övladı Nəsibə xanım oldu. Təəssüflər ki, cəfakar sənətkar ata, yüz ilə yaxındır bütün xalqın da övladı olan Nəsibə xanım Zeynalovanın USTADlığını görmədi. Bu qəribə tale-ölüm olayı (onun peşəsilə ilgili ifadə etməli olsaq - tragi-dram) isə “birnəfəsə” cümləyə sığası bir görəcək: 1918-ci ilin martında erməni daşnakları Bakıda yanğın-qırğın vəhşilikləri törədir, bu ata da öz xanımını və ikiyaşlı Nəsibəni götürüb Ənzəliyə (İran) gedir, qayıdarkən dənizdə fırtına qopur, səkkiz gün durğun qalan gəmidə elə bir natəmizlik yaranır ki, bir neçələrilə bərabər, Cahangir Zeynalov da yatalaq xəstəliyinə tutulur və Bakıya çatar-çatmaz (ən yaxın qohum və dostlarından belə xəbərsiz), dünyasını dəyişir...

Teatr və həyat səhnəsi dünyasında isə -

 

Əbədi...

 

Məsələn (teatral əbədiliyi bəlli), onun xeyriyyəçiliyində də bir peşəkarlıq cövhəri olub. Ətrafa təyinatsız pul səpələyib təyinatlı “ad qazananlar”dan fərqli olaraq o öz dividendini sənətdə konkret nəticələr verən mənəvi qazanc kimi görüb. 

Bu yerdə bu böyük mədəniyyət hamimizin nəvəsinin xatirələrindən daha bir yarpaq:

“O zaman rəhmətlik Qulam Məmmədli “Cahangir Zeynalov” kitabı üçün babamın tələbələrindən xeyli xatirə-yazılar toplayıb. Onlardan Hacıməmməd Qafqazlı qeyd edir ki, böyük xalq və sənət adamı Cahangir kişinin evində çox məşqlər etmiş, süfrəsində çox çörək kəsmişik. Hər dəfə evindən çıxandan sonra gödəkçə-paltolarımızın cibində pul olardı...”.

Və... bir-birindən 100 yaş fərqli –

 

İki qızcığazın hekayətciyi...

 

Onlardan biri 1875-də Bakı dardalanlarının birində çəllək üstdə “teatro” çıxaran on yaşlı Cahangirin oyununa əl çalıb, donundakı qızıl güllərdən birini ona ərməğan edən, o biri – qırx beş il öncə Üzeyir Hacıbəyli küçəsində anası ilə “şıdırğı” söhbətdə olan Nəsibə xanım Zeynalovanın diqqətini cəlb edib, bu çox sevimli (və çox hökmlü) “qayınana”ya çox doğma (və bir az da qorxacaq) rəğbət-məhəbbətinin gücündən kövrələ-kövrələ: “Nəsibə nənə, anam canı, mən böyüyəndə yaxcı gəlin olacağam, sənin xoşuva gələn gəlin olacağam!” deyən...

Nəhayət, bu böyük ata-bala cütlüyə Tanrıdan qəni-qəni rəhmət...

Tahir ABBASLI