Vizual ədəbiyyat adlandırdığımız, incəsənətin ən kütləvi forması olan kino yarandığı ilk vaxtlardan insanları həyatın mənası haqqında düşünməyə, ətrafda baş verənləri təhlil etməyə vadar edib. Bütün dövrlərdə aktuallığını itirməyən bu sintetik sənət növü ilk günlərdən musiqiyə ehtiyac duyub. Elə buna görə də ilkin, səssiz kino dövründə film nümayişlərini fonoqram musiqisi və yaxud tapyorlar (piano çalan adam) müşayiət edib.

Musiqi kinonun mühüm komponentlərindəndir. Dünya kinosunda olduğu kimi, Azərbaycan kinosunda da bir çox filmlərə janrına müvafiq olaraq musiqilər yazılıb, mahnılar bəstələnib. Ekran əsərlərinin inkişafında, geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsində bəstəkarlarımızın rolu böyükdür. Kinoya xüsusi münasibət bəsləyən görkəmli musiqi xadimi, respublikanın Xalq artisti Xəyyam Mirzəzadə (1935-2018) belə sənətkarlardandır. Anadan olmasının 85-ci ildönümü münasibətilə bəstəkarın kino yaradıcılığına nəzər salacağıq.

Peşəkar musiqi dünyasına qədəm qoyduğu (1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib) vaxtdan ecazkar sənəti ilə istər simfonik, kamera orkestri üçün yazdığı əsərləri, istərsə də digər janrlı musiqiləri ilə fərqli yaradıcılıq nümayiş etdirən Xəyyam Mirzəzadənin filmlərə bəstələdiyi kompozisiyalar Azərbaycan kinosunun uğuruna uğur qatıb, daha geniş şəkildə tanınmasına şərait yaradıb.

Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən  “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii,  “Abidələr danışır”, “Bakı eyvanları”  və s. sənədli,  “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya  filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan.

Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur.  Kino sənətini yüksək qiymətləndirən bəstəkarın filmlərə yazdığı musiqilərin ekran həyatı uğurlu olub. Azərbaycan kino tarixində ekran taleyini bu gün də uğurla yaşayan “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Bizim küçə”, “Bakıda küləklər əsir” və digər filmlərin sözsüz melodiyaları belə qəlblərdə iz salıb, sevərək zümzümə etdiyimiz melodiyalara çevrilib. Bəstəkarın kino üçün bəstələdiyi lirik və ritmik musiqilər eyni zamanda filmlərdə baş verən hadisələrin dərinliyinə nüfuz edir, qəhrəmanların psixoloji vəziyyətlərinin, düşüncə və psixologiyalarının tamaşaçıya çatdırılmasında mühüm rol oynayır. Kino musiqilərində obrazların xarakterlərini, həmçinin dramaturgiyanın mahiyyətini tamaşaçıya dəqiqliklə çatdıran bəstəkarın bu xüsusda mahnı janrına az müraciət etməsi də maraqlı məqamdır. Bununla belə, “Bakıda küləklər əsir” filminin sonluğunda baş qəhrəman Azadın şücaətini təqdir, rolun nümunəvi həyat mövqeyini tərənnüm edən, insanlarda vətənpərvərlik hissi oyadan, vətən anlayışının böyüklüyünü, vətəndaş borcunu anladan mahnını xatırlamaq kifayətdir ki, bəstəkarın filmin ideyasını tamamlayan fikir tamlığına, kadrları duyma bacarığına heyran olasan.

Təbii ki, kino musiqisi yazmaq olduqca çətindir. Kino bəstəkarı olmaq üçün musiqidə professionallıq şərtdir. Əsas məqsədi əsərin ideyasını emosionallıqla auditoriyaya çatdırmaq olan, mətnə tabe edilən musiqinin quruluş mürəkkəbliyi, dərin mahiyyətə varılıb mürəkkəb formada təqdim olunsa belə, yenə də kadrların məzmununu, hadisələrin məntiqini izah etdiyinə görə tamaşaçının ürəyinə yol tapır, zövqünü (yüksək şəkildə) formalaşdırır. Xəyyam Mirzəzadə möhtəşəm kino musiqilərində hadisələri dərindən duyma qabiliyyətinə əsasən ekran əsərlərinin ideyasını orijinal sənət palitrası ilə notlara köçürüb, qəhrəmanların fikrini melodiyalarda, akkordlarda dəqiqliklə müşayiət edib, musiqini filmlərin janrına müvafiq şəkildə süjetə çevirib.

Xəyyam Mirzəzadənin peşəkarlığından bəhs edən kinorejissor Rüfət Əsədov deyir: “Qara Qarayev görkəmli pianoçu, pedaqoq Dmitri Şostakoviçin tələbəsi idi, Xəyyam Mirzəzadə də Qara Qarayevin. Onların mükəmməl yaradıcılıq ruhu var idi. Bunun sayəsində istər klassik əsərlər, istərsə də kino musiqiləri şedevr səviyyəsində yazılırdı. Qara Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqini dinləyəndə metalın səsini belə dərindən duyub hiss etdirmək məharətini görürsən, duyursan. Xəyyam  müəllim də onun tələbəsi idi. Kinodakı hadisələri çox dərindən duyurdu. Hər bəstəkar kino üçün musiqi yaza bilməz.

Xəyyam müəllimlə “Arxada qalmış gələcək” filminin musiqilərini ona həvalə etdiyim  zaman tanış olduq. Bu filmə qədər onun tələbəsi, yaxın dostu olan Rauf Əliyevin bir neçə musiqisindən istifadə etmişdim. Rauf mənim quruluş verdiyim “Vahimə” qısametrajlı filmim üçün orijinal musiqi yazmışdı. Onun vasitəsilə də Xəyyam müəllimlə yaxından tanış olduq, dostluq münasibətimiz yarandı.

Film üzərində işə başlamazdan əvvəl görüşdük, ədəbi ssenarini ona verdim. Bir müddət keçdi, film hələ hazır deyildi, amma o, kinostudiyaya müəyyən hissələrə baxmağa gəlirdi. İşinə çox məsuliyyətlə yanaşırdı, yaradıcılıq ruhu mükəmməl idi. Filmi montaj edəndən sonra hazır filmə tam baxmaq üçün bir də gəldi. Onunla nəzəri söhbətlərimiz çox olurdu. Fikirlərini mənimlə bölüşürdü, çox məsləhətləşirdi. Nə peşəkarlığına, nə də yaşına görə üstünlüyünü bildirmirdi. Şəxsən məni bir bəstəkar və yaxşı insan kimi qane edirdi. Heyf ki, onunla çox işləmək mənə qismət olmadı. Baxmayaraq ki, daha çox simfonik əsərlər yazırdı, amma kinomaterialı çox gözəl hiss edirdi. Kinoda tələb olunan əsas amil materialın xarakterini tutmaqdı. O da bunu yaxşı bacarırdı.

“Arxada qalmış gələcək” filminin musiqiləri Azərbaycan Dövlət Filarmoniyası Simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin rəhbərliyi ilə səsləndirilmişdi. Onları musiqidən əlavə dostluq münasibətləri birləşdirirdi. Səsləndirmədə 100-ə yaxın musiqi alətindən istifadə olunmuşdu. Onların yaradıcılıq tandemi gözəl alınırdı. Elə buna görə də filmi müşayiət edən musiqi yüksək səviyyədə alındı. Mən filmi 2005-ci ildə bitirdim. Amma sonra da dostluq münasibətlərimiz davam etdi. Xəyyam müəllim gözəl şahmat oynamağı bacarırdı. Maraqlı hobbiləri də vardı. Kolleksiya yığmağı, əsasən də qədim pul, marka kolleksiyası toplamağı sevirdi. Çox adam onu soyuqqanlı biri kimi tanıyırdı. Amma onunla yaxınlıq edəndən sonra görürdün ki, yox, çox mehriban insandı. Axı, soyuqqanlı insan gözəl musiqi yaza bilməzdi, bu mümkün deyildi. Xəyyam müəllim peşəkar idi, klassik idi. 50 il konservatoriyada çalışmışdı. Ustad müəllim, böyük pedaqoq idi. Zəngin yaradıcılığı dövründə öz bəstəkarlıq məktəbini yaratmışdı, istedadlı davamçılar yetişdirmişdi”.

Xəyyam Mirzəzadənin kino musiqiləri filmlərin mövzusuna uyğun bəstələnən, hadisələri ardıcıllıqla, həssaslıqla müşayiət edən, ekran əsərinin məzmununu açan, hadisələri emosionallıqla çatdıran əsərlərdir. Özünəməxsus dəst-xətti ilə diqqət çəkən, hadisələrin inkişafını xarakterizə edən, ekran əsərlərinin bədii təsirini artıran bəstəkar yaradıcılığının bir çox nümunələrini misal göstərmək olar.

Bu gün də hər kəsin sevərək izlədiyi “Arxadan vurulan zərbə” filmini xatırlayaq. Müxtəlif musiqi lövhələri filmdəki bir çox kadrı müşayiət edir. Filmin başlanğıc hissəsində qatarın gəlişini göstərən kadr üzərində səslənən dinamik musiqi tamaşaçını hansısa vacib sərnişinin gəlişinə, qarşıda ağır cinayət işi üzərində aparılacaq istintaq prosesinin gərginliyinə, kriminal hadisələrdəki insanların sirli həyat hekayəsini maraqla izləməyə, ekrana diqqət kəsilməyə məcbur edir. Yaxud Gündüz Kərimbəyli ilə İmaşın dialoqunu müşayiət edən həzin musiqini yada salaq. Lirik kompozisiya ilk görünüşdə insanlarda şübhə, qorxu yaradan, özündən tez çıxan, əslində isə müəyyən səhvlərinə görə daim əzab çəkən İmaşın rəzil həyat tərzini, onunla ilk tanışlığından cılız xarakterini üzünə deyən, İmaşı öz yaşına və şəxsiyyətinə hörmət etməyə çağıran Gündüz Kərimbəylinin müdrikliyini, hər bir halda insanların bir-birlərini anlamalı olduğunu xarakterizə edir.

“Bizim küçə” filminin başlanğıcında səslənən, bir-birini əvəzləyən fərqli notların mövzu ilə sintezləşdirilmiş sədaları isə çətinliklərlə yanaşı əldə edilən gözəl həyatın müjdəçisi rolunu oynayır. “Güllələnmə təxirə salınır” filminin hadisələrini müşayiət edən lirik musiqi isə bədbəxt insanların çarəsiz, ağrılı günlərinə ağı deyir. Bu və digər filmlərin kadrlarındakı hadisələrə uyğunlaşdırılmış musiqilər ekran qəhrəmanlarının həyat hekayəsinin nəqlinin emosionallığını artırır, sözsüz kadrlarda səslənən melodiyalar isə personajların tale yükünün çəkisini ölçür.

Məşhur fransız kinorejissoru Rober Bresson “səsli kino kinoda səssizlik yaratdı” deyir. Xəyyam Mirzəzadənin kino musiqiləri də kardlardakı hadisələr qədər tamaşaçını susaraq düşünməyə vadar edir. Müxtəlif dövr insanlarının düşüncə, davranış, əxlaq kodeksləri bəstəkarın emosional musiqilərində təhlil edilir, kamil və ya cahil xarakterlərin mündəricəsi böyük ürək yanğısıyla cəmiyyətin mühakiməsinə verilir.

Filosof Əbu Turxanın (fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov) belə bir fikri var: “İnsanı ucaldan yaradıcılıqdır”. Kinonu duyan, koloritli musiqilərində müdrik kino anlayışını təlqin edən, yaradıcılığı vasitəsilə milyonlara bədii-estetik zövq bəxş edən görkəmli bəstəkar Xəyyam Mirzəzadə də ziyasının dərinliyinə, şəxsiyyətinin böyüklüyünə, əsrarəngiz yaradıcılığına görə sənətdə və hafizələrdə ucalarda, zirvələrdədir. 

Şəhla ƏMİRLİ
kinoşünas