Türkiyənin şəhərlərində ölkəmizə dəstək aksiyaları
Ermənistanın Azərbaycana qarşı hücumları, düşmən ordunun dinc əhalini, yaşayış evlərini və mülki obyektləri davamlı atəşə tutması Türkiyə ictimaiyyətinin hiddətinə səbəb olduğu kimi, Vətən torpaqlarını azad edən Silahlı Qüvvələrimizin qələbələri də qardaş ölkədə coşqu ilə qarşılanıb.
Azərbaycan Silahlı Qüvvələrinin oktyabrın 4-də Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad etməsi Türkiyənin bütün kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Ölkənin aparıcı telekanallarında cəbhə xəttindəki vəziyyət ekspertlər tərəfindən qızğın müzakirə olunur, Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji əhəmiyyəti təhlil edilir.
Bu günlər Türkiyənin bir çox şəhərlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək verən tədbirlər keçirilir. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi hazırda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün başladığı hərəkata dəstək məqsədilə yürüş-mitinq təşkil edib.
İğdırın mərkəzində keçirilən aksiya dərnəyin sədri Ziya Zakir Acar tərəfindən bəyanatın oxunması ilə başa çatıb. Bəyanatda vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalçı orduya qarşı başladığı cavab tədbirləri hüquqi və mənəvi baxımdan Azərbaycanın haqq işidir. Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad edərək tezliklə zəfər qazanacaq.
Konya şəhərində yaşayan Azərbaycan türkləri də dəstək mitinqi keçiriblər. Şəhərin Zəfər meydanında təşkil olunan tədbirə Konyada yaşayan İraq türkmənləri, Türkiyə Həkimlər Federasiyası, Konya Ülkü Ocaqlarının təmsilçiləri, Səlcuq Universiteti və Nəcməddin Ərbakan Universitetinin müəllim və tələbə heyəti də qatılıb. Mitinqdə “Ya Qarabağ, ya ölüm!”, “İki dövlət, tək millət!”, “İrəli, Azərbaycan əsgəri!” kimi şüarlar səsləndirilib.
Çıxışlardan sonra Konyada yaşayan azərbaycanlılar adından Vüqar Abdullah mətbuat üçün məlumat oxuyub. Məlumatda bildirilib ki, işğalçı Ermənistanın Azərbaycan torpaqlarına etdiyi fasiləsiz hərbi hücumlar nəticəsində dinc vətəndaşlar öldürülür. Açıqlamada Azərbaycanın torpaq bütövlüyü yolunda şəhid olan hərbçilərimizə rəhmət oxunub, tezliklə Ermənistanın cinayətkar əməllərinə son qoyulması tələb edilib.
İstanbulun Kadıköy rayonunda da “Səninləyik, Azərbaycan” şüarı altında dəstək aksiyası keçirilib. Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu deyib: “28 ildir haqsız yerə, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu işğala son verilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınan qərarın sonuna qədər arxasındayıq. Bölgədə sıxışıb qalan Ermənistan hazırda dünyadan kömək dilənir. Biz buradan Ermənistana səslənirik. İşğal etdiyiniz Azərbaycan torpaqlarını tərk edin, Xocalı soyqırımını törədənlər dünya ictimaiyyəti qarşısında cəzalandırılsın, insanlar doğma yurd-yuvasına qayıtsın. Biz türk milləti olaraq bunu tələb edirik”.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı tədbirdə ölkəmizə dəstək şüarları səsləndirilib.
MEHPARƏ