Azərbaycan da bu prosesdən kənarda qalmayacaq
   
   Hazırda bütün dünyada mehmanxana biznesində qiymətlərin enməsi müşahidə edilməkdədir. Analitiklər böhranın real nəticəsi olan bu prosesin 2009-cu ilin sonunadək davam edəcəyini proqnozlaşdırırlar. Halbuki son 3 ildə dünya mehmanxana biznesi sürətli artım dinamikası nümayiş etdirib. Bu müddətdə həm mehmanxana nömrələrinin yüklənmə səviyyəsi və qiyməti artıb, həm də əksər şəbəkələr əhatə dairələrini genişləndiriblər.
   
   Lakin ötən ilin payızından etibarən iqtisadi böhran nəticəsində bütün dünyada işgüzar və turist səfərlərinin kəskin azalması baş verdi və mehmanxana biznesindəki bu artım azalma ilə əvəzləndi. Məsələn, Avropada mehmanxanaların gəlirliliyi 2007-ci ildəki 5,9 faizlik artıma qarşı 2008-ci ildə 4,2 faizə düşüb. Bu prosesdən ən çox zərərçəkənlər isə Praqa, Amsterdam, Münhen, Vyana və Budapeşt mehmanxanaları olub. “Pricewaterhouse Coopers”in proqnozuna əsasən 2009-cu ildə London mehmanxanalarının gəlirliliyi 12 faiz azalacaq, yüklənmə səviyyəsi isə 2001-ci ilin 11 sentyabr hadisələrindən bəri ən aşağı səviyyəyə - 70 faizə düşəcək. London mehmanxana biznesinə qoyulan investisiyaların həcmi 2005-ci ildəki 1,5 milyard funt-sterlinqdən 2008-ci ildə 500 milyon funt-sterlinqə düşüb.
   Gözləntilərə əsasən bu il ABŞ-da da mehmanxanaların yüklənmə səviyyəsi 2003-cü ildən bəri ən aşağı həddə - 59,1 faizə düşəcək, gəlirlilik isə 14 faiz azalacaq.
   Yaxın Şərq və Afrika regionunda 2008-ci ildə mehmanxana biznesi orta hesabla 19,5 faiz artıb. Lakin 2008-ci ilin dekabrında bu regionda təhlükəli tendensiya müşahidə edilməyə başlayıb - yüklənmə 16 faiz azalıb, qiymətlər 28 faiz düşüb. Ötən ilin ortalarından etibarən Yaxın Şərqin ən çox turist cəlb edən ölkələrindən olan Misirdə mehmanxana nömrələrinin sifarişi azalmağa başlayıb. Bu ilin yanvarında isə ötən ilin analoji dövrü ilə müqayisədə tələbat 30 faiz azalıb. Ekspertlər bu sektorda çalışanlara qiymət endirimlərində tələsməməyi məsləhət görsələr də, mehmanxana sahibləri heç də buna əməl etmirlər. Məsələn, artıq Dubayda qiymətlər 20-40 faiz, Moskvada 15-20 faiz endirilib. Böyük Britaniyanın “Travelodge” şəbəkəsi isə nömrələrin qiymətini az qala 2 dəfə endirib - 75 dollardan 43 dollara. Ümumilikdə Londonda mehmanxana qiymətləri 27 faiz, Berlin və Parisdə 14 faiz, Romada 16 faiz, Madriddə isə 18 faiz ucuzlaşıb. Yunanlar və türklər də endirimə hazırlaşırlar. Qiymət endirimləri ilə yanaşı, bütün dünyada sahibkarlar müştəriləri öz mehmanxanalarına cəlb etmək üçün pulsuz yemək, maşın icarəsi və digər bonuslardan istifadəni artırırlar.
   Azərbaycan mehmanxanaları bu prosesdən kənarda qalmasa da, böhran onların işinə çox az təsir edib. İldə 20 mindən artıq qonaq qəbul edən 4 ulduzlu «Park İNN» hotelinin satış üzrə meneceri Lalə Məmmədlinin dediyinə görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisə etdikdə, qonaqların sayında nəzərəçarpacaq dərəcədə azalma var: «Bununla belə, qiymət siyasətimizdə elə bir dəyişiklik etməmişik. Sadəcə, gündəlik xərclərimizi bir qədər azaltmağa çalışırıq. Amma belə davam edərsə, tariflərimizdə endirim qaçılmazdır».
   «Hyatt Regency» hotelində isə vəziyyət elə də dəyişməyib. Hotelin inzibati işlər üzrə köməkçi satış və marketinq şöbəsinin müdiri Bahar Dadaşova deyir ki, «Hyatt Regency» 5 ulduzlu olmaqla, həm biznes xarakterlidir, həm də adi turistləri qəbul edir: «Adətən ilin əvvəlki aylarında qonaqlarımızın sayında həmişə azalma olur. Buna görə də hələlik elə bir fərq hiss etmirik. Amma böhranın təsiri qaçılmazdır. Bu baxımdan azalma hiss edən kimi qiymətlərdə dəyişiklik edəcəyik. Çünki aydın məsələdir ki, bunsuz mümkün deyil».
   Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən hotellərin böhranla əlaqədar qiymətlərində endirim etmələri ilə bağlı məlumatı şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bunu müsbət hal kimi qiymətləndirib: «Bazar özü hər şeyi tənzimləyir. Hotellərin qiymət tariflərini endirməsi rəqabəti artıracaq və turistlərin cəlb edilməsi uğrunda mübarizə başlayacaq. Bu, çox təqdirediləsi haldır».
   
   Fəxriyyə ABDULLAYEVA