Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Françesko Franjalli 19 illik fəaliyyətdən sonra vəzifəsindən istefa verib. Bunu «Mədəniyyət» qəzetinə açıqlamasında ÜTT-nin Avropa üzrə Komissiyasının Baş katibi Taleb Rifai bildirdi. Onun sözlərinə görə, F.Franjallinin səlahiyyətlərinin bitməsinə hələ bir neçə ay qaldığından istefa onlar üçün gözlənilməz olub. Bu baxımdan təşkilatın keçid dövrünü yaşadığını deyən T.Rifai dedi ki, onların qarşısında bir sıra inzibati və siyasi problemlərin həlli məsələləri dayanıb.
   T.Rifainin dediyinə görə, ÜTT-nin İcraiyyə Şurası 2009-cu ilin 7-8 mayında Mali Respublikasının Bamako şəhərində toplantı keçirəcək. Həmin toplantıda ÜTT-nin Baş katibi vəzifəsinə namizədlər irəli sürüləcək və qurumun Baş Assambleyasının bu ilin oktyabr ayında Qazaxıstanın Astana şəhərində baş tutacaq növbəti sessiyasında təsdiqlənəcək.