ÜTT-nin Avropa üzrə Komissiyasının Baş katibi Taleb Rifai: «Azərbaycanla əlaqələrimizin genişləndirilməsində maraqlıyıq»
  
   Bugünlərdə Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclasında ÜTT-nin bir çox səlahiyyətli nümayəndələri, o cümlədən qurumun Avropa üzrə Komissiyasının Baş katibi Taleb Rifai də iştirak edirdi. Fürsətdən istifadə edib cənab Rifaidən «Mədəniyyət» qəzetinin bir neçə sualını cavablandırmasını xahiş etdik.
  
   - Sizcə, dünyada baş verən iqtisadi böhran Avropa turizm sənayesinə nə qədər təsir edəcək?
  
- Hazırkı iqtisadi böhran dünya iqtisadiyyatının bütün sahələrinə ciddi təsir edir. O cümlədən, böhran turizm sektorundan da yan keçmir. Lakin turizm və səyahət başqa sektorlar kimi ziyan çəkməyəcək. Turizm sektorunda vəziyyət başqa sektorlara nisbətən yaxşı olacaq. Hazırda digər sektorların böhrandan əziyyət çəkməsi nəticəsində turizm sektorunun tələbləri də nisbətən aşağı düşüb. Məsələn, baş vermiş böhran nəticəsində ailələrin gəlirləri aşağı düşdüyünə görə əhalinin səyahət etmək qabiliyyəti də azalıb. Baxmayaraq ki, dünyada səyahət etmək həvəsində və arzusunda olan çoxlu insanlar var. Biz bilirik ki, 2009-cu ildə çətinliklərə doğru gedirik. Lakin qəti şəkildə əminik ki, hətta dünya iqtisadi böhranı şəraiti də turizm sektorundan yan keçəcək.
   - Necə düşünürsünüz, böhrandan çıxış yolları kimi nə etmək lazımdır?
  
- Vacib sektorlarda, xüsusilə də maliyyə-bank sistemində yaranmış böhranın səbəblərini aradan qaldırmaq üçün çoxlu tədbirlər görmək lazımdır. Maliyyə-bank sektoru dünya iqtisadi sisteminin nüvəsidir. Biz görürük ki, turizm və səyahət sənayesi başqa sektorlara kömək edə bilər. Əgər dünya liderləri siyasi səviyyədə turizm sektoruna kömək etmək məqsədilə müəyyən qərarlar qəbul etsələr, onda turizm də öz növbəsində başqa sektorlara daha çox kömək edər. Bunu isə ancaq siyasət səviyyəsində həll etmək olar.
   - Maraqlıdır, siyasi səviyyə deyərkən siz nəyi nəzərdə tutursunuz?
  
- Siyasi səviyyə deyərkən, mən heç də səyahətlərə tətbiq edilən yeni vergiləri nəzərdə tutmuram. İnsanların səyahət edə bilmələri üçün bütün maneələr götürülməlidir. Onların müxtəlif ölkələrə problemsiz getmələri təmin edilməlidir. Beləliklə, insanlar səyahətə həvəsləndirilməlidir.
   - Amma insanlarda səyahətə həvəs və maraq da az deyil...
  
- Bəli, təbii ki, maraq var. Lakin məsələn, əgər viza məsələsi çətinləşsə, insanlar da çoxlu səyahət edə bilməyəcəklər. Və yaxud əgər nəqliyyat uyğun olmazsa, insanlarda gəzməyə maraq olmayacaq. Deməli, hökumətlər çalışmalıdırlar ki, insanları səyahətlərə həvəsləndirən hər bir şey yerbəyer olsun.
   - Cənab Rifai, Azərbaycanın turizm potensialı haqqında nə deyə bilərsiniz?
  
- Düşünürəm ki, bu sektor hazırda çox möhkəmdir, davamlı addımlar atır. Bu temp Azərbaycanın turizm sektorunu daha yüksək səviyyəyə qaldırmaq qabiliyyətinə malikdir. İndi siz hərəkət etməyə, irəli getməyə hazırsınız. İnfrastruktur qurmaq vacibdir. Hazırda Azərbaycanın turizm sahəsində çox möhkəm infrastrukturu var. İndi isə dünya turizminin inkişafına yardım etmək və siyasi tələbləri yerinə yetirmək zamanıdır. Ümumiyyətlə, biz Azərbaycanla əlaqələrimizin genişləndirilməsində maraqlıyıq.
   - Sizcə, Avropa ölkələrindən hansı iqtisadi böhrandan daha çox ziyan çəkəcək?
  
- Bu böhran bütün Avropaya, xüsusilə də Qərbi Avropaya təsir edib. Bildiyiniz kimi, bütün problemlər Birləşmiş Ştatlardan başlandı və bu, daha çox Birləşmiş Krallığa təsir etdi. Ona görə ki, İngiltərə beynəlxalq aləmlə daha çox bağlıdır. Saysız-hesabsız səfərlər İngiltərədən başlayır. Bu baxımdan hesab edirəm ki, Qərbi Avropa Mərkəzi-Şərqi Avropaya nisbətən daha çox əziyyət çəkəcək.
   - Bəs Azərbaycan?
  
- Böhran Azərbaycana birbaşa təsir etməyəcək. Ona görə ki, hələ Azərbaycan beynəlxalq maliyyə şəbəkəsinin bir hissəsi deyil. Bu səbəbdən ölkənizin turizm sənayesinə böhranın təsiri çox az olacaq.
   - Hazırda turizm şirkətləri, hotellər böhranın qarşısını almaq üçün bir sıra yollar düşünürlər. Məsələn, onlardan bəziləri həyata keçirmək istədikləri layihələrin sayını azaldır, digər qismi isə vəziyyətdən çıxış yolu kimi qiymətləri aşağı salırlar. Sizcə, bu tədbirlər uğurlu nəticə verəcəkmi?
  
- Qiymətlərin aşağı salınması yaxşı deyil. Ona görə ki, qiymətləri aşağı saldıqdan sonra onları yenidən qaldırmaq mümkün olmur. Hər kəs də bundan itirmiş olur. Məncə, birinci növbədə keyfiyyət qaldırılmalı, xidmətlər yaxşılaşdırılmalıdır.
    - Amma dünyanın bir çox məşhur hotelləri artıq qiymətləri aşağı salıb...
  
- Mən qətiyyətlə bildirirəm ki, bu, səhv siyasətdir. Onlar öz xidmətlərinin keyfiyyətlərini artırmaqla daha yaxşı nəticələr əldə edə bilərlər.
   - Azərbaycanla İordaniya arasında turizm sahəsi üzrə əməkdaşlığı necə qiymətləndirirsiniz?
  
- İstər Azərbaycan, istərsə də vətənim İordaniya qədim dövlətlər olmaqla yanaşı, həm də dost ölkələrdir. İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında imzalanmış sazişin şərtlərinə uyğun olaraq, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq getdikcə genişlənir. İnfoturların təşkil edilməsi, ölkələrin turizm potensialı və tarixi-mədəni abidələri ilə tanışlıq, hökumətlər səviyyəsində müxtəlif sənədlərin imzalanması və s. məsələlər bu sırada əsas yer tutur. Bundan sonra da çalışacağıq ki, əməkdaşlığımızı daha da genişləndirək.
   - Azərbaycan haqqında sizdə hansı təəssüratlar yarandı?
  
- Səfər çərçivəsində iki gün Bakıda olacam. Bu müddət ərzində Bakı ətrafında gəzməli, görməli yerlərə səyahət etmək istərdim.
  
   Fəxriyyə ABDULLAYEVA