Tanınmış vokalçı haqqında kitab
Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələrin qalibi və laureatı İlham Nəzərov müasir vokal ifaçılıq məktəbimizin parlaq nümayəndəsidir.
O, Azərbaycan vokal ifaçılığı tarixinə ilk kontratenor səs tembrinə malik ifaçı kimi daxil olub. Müğənninin kontratenor səsi ilə ifaçılığı, müxtəlif səs tembrlərindən yararlanması, geniş vokal ifaçılıq imkanları onun yaradıcılığını musiqi mədəniyyətimizdə əhəmiyyətli edən səbəblərdəndir.
İfaçı bütün qəlbi ilə musiqiyə bağlı olan bir şəxsiyyətdir. Bu bağlılıq onun həyatının qayəsinə, yaşam amalının mahiyyətinə çevrilib. “Yaradıramsa, yaşayıram!” - bu sözlər ruhu və ürəyi yalnız musiqi ilə döyünən yaradıcı şəxsiyyətin simasını tam dolğunluğu ilə əks etdirir.
Bu günlərdə 35 yaşını qeyd edən ifaçı haqqında “İlham Nəzərov: sərhədsiz səs...” adlı kitab işıq üzü görüb. Kitabın tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi redaktoru BMA-nın Musiqi tarixi kafedrasının müdiri, professor Könül Nəsirovadır.
İ.Nəzərovun 20 illik peşəkar səhnə fəaliyyətinə (2000-2020) həsr olunmuş kitab onun bu illərdə əldə etdiyi yaradıcılıq uğurlarını əhatə edir. Burada ifaçının uşaqlıq illəri, səhnəyə gəlişi, yaradıcılığında mühüm əhəmiyyət kəsb edən məqamlar, səsinin xüsusiyyətləri, eləcə də pedaqoji fəaliyyətindən ətraflı bəhs olunur.
Görkəmli musiqiçilərin – SSRİ Xalq artisti F.Bədəlbəyli, Xalq artistləri F.Əlizadə, X.Qasımova, Y.Adıgözəlov, Rusiyanın Xalq artisti D.Bertman, avropalı tanınmış musiqiçilərdən V.de Vivo, A.Simonişvili, R.Kabaivanskaya və digərlərinin İ.Nəzərov haqqında fikirlərinə də kitabda yer verilib. Həmçinin kitabda sənətkarın kontratenor və bariton kimi repertuarı, onun elmi fəaliyyəti əsaslı surətdə təqdim olunub.