Bakı Turizm İnformasiya Mərkəzi gənc nəslin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, Azərbaycanın dünyanın qədim insan məskənlərindən biri olmasını, eyni zamanda tarixi abidələrlə zənginliyini yerli və xarici turistlərin diqqətinə çatdırmaq məqsədilə yeni-yeni layihələr həyata keçirməkdədir.
Bu səpkidə layihələrdən biri də bu gün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə təqdimat-ekskursiya şəklində reallaşacaq. Ekskursiyada BDU, Xəzər Universitetinin turizm fakültələrinin və Azərbaycan Turizm İnstitutunun tələbələrindən, Azərbaycanda fəaliyyət göstərən 30-a qədər xarici ölkə səfirliklərinin səfir və mədəniyyət attaşelərindən, həmçinin turizm şirkətlərinin əməkdaşlarından ibarət 100-dən artıq insanın iştirakı nəzərdə tutulur. Saat 10.15-də Azadlıq meydanından başlanacaq ekskursiya Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Bakı Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə hazırlanan bukletin təqdimatı ilə başa çatacaq. Nəfis tərtibatla hazırlanan bukletdə muzey kompleksi haqqında Azərbaycan, ingilis və rus dillərində kiçikhəcmli məlumatlar yerləşdirilib. Bukleti görən hər bir insanda Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında geniş təsəvvür yaranır.
1,5 ha ərazini əhatə edən muzey kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Açıq səma altında yerləşən Qala muzeyində qədim Abşeron sakinlərinin yaşayış tikililəri, onların məişət və məşğuliyyətlərini əks etdirən səhnəciklər bərpa olunaraq nümayiş etdirilir. Bu baxımdan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini Azərbaycana gələn turistlər üçün maraqlı turizm obyekti də hesab etmək olar.
Onu da qeyd edək ki, əraziyə ilk dəfədir ki, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələrinin iştirakı ilə ekskursiya təşkil edilir.
Fəxriyyə ABDULLAYEVA