Yaratdığı əsərlərlə təsviri sənət xəzinəmizin zənginləşməsinə töhfələr verən görkəmli fırça ustalarımızdan biri də Əməkdar incəsənət xadimi Lətif Feyzullayev olub. Sənətkarın əsərləri dünyanın tanınmış muzey və şəxsi kolleksiyalarının daimi eksponatına çevrilib.

Lətif Mirəbdülbaqi oğlu Feyzullayev 13 oktyabr 1918-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. Orta məktəbi başa vurduqdan sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna qəbul olunur. Texnikumu başa vurduqdan sonra təhsilini Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsində davam etdirir. Bu məşhur təhsil ocağında təsviri sənət ustaları Moçalski, Pokarjevski və Qrabardan rəssamlığın sirlərini öyrənir. Hələ tələbə ikən yaratdığı “Qaçaq Nəbi” və “Qatır Məmməd” kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir.

Gəncliyi qanlı-qadalı illərə, II Dünya müharibəsinə təsadüf edən Lətif Feyzullayev də bu qorxunc dövrün məhrumiyyətlərini yaşamalı olub. Müharibə üzündən ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Ona görə də müəllifin yaradıcılığında hərbi-vətənpərvərlik ruhlu əsərlər kifayət qədərdir. O həm də respublikada təbliğat-təşviqat xarakterli plakatlar müəllifi kimi tanınıb. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda dərs deyən L.Feyzullayev sənətin sirlərini gənc davamçılarına öyrətməkdən yorulmayıb.

Gənc rəssam 1944-cü ildə yarımçıq qalmış təhsilini davam etdirmək üçün bir daha Moskvaya, Dövlət Rəssamlıq İnstitutuna qayıdır. Elə həmin il bu ali məktəbdə təhsil alan gələcəyin görkəmli fırça ustası Vəcihə Səmədova (1924-1965) ilə ailə qurur. L.Feyzullayev 1949-cu ildə institutu uğurla bitirib Bakıya dönür. Müharibədən sonra davam edən ağır illərdə qurub-yaradan insanların əməyi rəssamın əsərlərinin əsas mövzusuna çevrilir.

Onu da qeyd edək ki, 1950-ci ildə Neft Daşlarının istismarına başlanır. Bu dövrdən rəssamın yaradıcılığında Xəzər neftçilərinə həsr olunmuş yeni, romantik mövzulu silsilə əsərlər meydana çıxır. Bu mənada müəllifin “Vaxta”, “Küləkli gün”, “Tufandan qabaq”, “Fontan” və s. əsərləri xüsusi maraq doğurur.

Abşeronun təkrarolunmaz təbiəti təsviri sənət aləmində qısa müddətdə tanınan və sevilən L.Feyzullayevi parlaq rəng üslubu ilə seçilən bir sıra orijinal mənzərələr yaratmağa həvəsləndirir. O, bu arzu və məqsədlə “Abşeronda bahar”, “Buruqlar”, “Yay”, “Kəndin köhnə hissəsi”, “Abşeron qumları”, “Qayalar”, “Abşeron bağları” və digər əsərlərini ərsəyə gətirir.

İstedadlı rəssam bir çox diqqətçəkən portretlər müəllifi kimi də tanınıb. Onun “Rəssam Vəcihə Səmədovanın portreti”, “Neftçi Gülbala Əliyev”, “Fatimə”, “Qoca”, “Abşeronun qonağı” və “Güclü” kimi əsərləri yüksək sənətkarlığı ilə seçilən nümunələrdəndir.

L.Feyzullayev 1960-cı ildə Bolqarıstanda yaradıcılıq ezamiyyətində olur. Çox məhsuldar keçən səfərdən sonra rəssam bu ölkə haqqında əsərlərdən ibarət maraqlı bir sərgi ilə sənətsevərlərin qarşısında hesabat verir.

Təsviri sənət sahəsinin inkişafındakı xidmətləri və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən sənətkar respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Görkəmli fırça ustası 1987-ci ildə vəfat edib.

L.Feyzullayevin əsərləri bu gün də sənətsevərlər tərəfindən maraqla qarşılanır.

Onu da qeyd edək ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisi keçirilib. Bu ilin yanvarında isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda hər iki sənətkarın əsərlərindən ibarət “Bir inci rəssam” adlı sərgi keçirilib.

Sərgi çərçivəsində həmçinin bu unudulmaz fırça ustalarının əsərlərini, müxtəlif fotolarını və onlarla bağlı ekran əsərlərini bir araya gətirən sayt da təqdim olunub.

Savalan FƏRƏCOV