Bu günlərdə Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 140 illiyi münasibətilə hazırlanan monoqrafiyada yer alacaq yeni materialların axtarışı məqsədilə görkəmli fırça ustasının ev-muzeyində olduq. Muzeyin yeni ekspozisiyasında göstərilən eksponatların əksəriyyətinin kifayət qədər tanış olduğunu nəzərə alaraq fondda qorunan müxtəlif məzmunlu naməlum materialları nəzərdən keçirməyə qərar verdik. “Muzey fotoları” fondundakı materialları araşdırarkən siyahıdakı 40-cı qeyd istər-istəməz diqqətimizi cəlb etdi: “Ə.Əzimzadənin portreti. X.Musayev tərəfindən karandaşla işlənmişdir (1920)”. Oradakı qeydlərdən məlum olurdu ki, əsər 7 may 1968-ci ildə Ə.Əzimzadənin oğlu Həbibdən muzey üçün alınmışdır. Xatırladaq ki, məhz həmin ildə rəssamın ev-muzeyi açılmışdı. Onu da əlavə edək ki, bu, Bakıda təşkil olunan ilk ev-muzeyi idi...
Etiraf edək ki, əvvəlcə öz gözlərimizlə oxuduğumuza inanmağımız gəlmədi. Bu doğrudanmı məşhur “Molla Nəsrəddin”çi Xəlil Musayevin yaradıcılıq nümunəsidir? Odur ki, muzeyin direktoru İradə xanım Əzimzadədən həmin eksponatın orijinalını göstərməsini xahiş etdik. Bir neçə dəqiqədən sonra biz iki böyük yaradıcının təmasının nəticəsi olan qrafik əsərlə üzbəüz idik. Saralmış vərəqdən 40 yaşlı Ə.Əzimzadənin gursaçlı görkəmi “boylanırdı”. Əsər karandaşla işlənsə də, nədənsə bir neçə yerdən rəssamın saçlarını əyaniləşdirən qara qrafit tökülmüşdü. Onun ciddi bərpaya ehtiyacı olması adi gözlə belə görünən idi. Odur ki, əsərin ictimaiyyətə kamil şəkildə təqdim olunması üçün kompüter qrafikası ustası Arif Həsənova müraciət etdik. Bir neçə gündən sonra onun duyulası zövqlə qrafik portretin “itirilmiş” hissəsini bərpa etməsini görəndə muzey tariximizə əhəmiyyətli bir eksponatın əlavə olunduğuna əmin olduq...
Portret və onun yaranma tarixi haqqında mülahizələrimizi dilə gətirməzdən əvvəl Xəlil Musayev barəsində qısa məlumat verməyi özümüzə borc bildik. Öncə deyək ki, vaxtilə bu rəssamın azərbaycanlı və yaxud da iranlı olması ilə bağlı fikirlər səsləndirilmişdi. Amma sonradan mətbuatda bir neçə müəllifin, o cümlədən tanınmış ədəbiyyatşünas V.Quliyevin bunun belə olmadığını təsdiqləyən yazısı çap olunmuşdu. Odur ki, biz də Xəlil İsrafil oğlu Musayevin (1897-1949) Dağıstanın Çox aulunda (Qunib rayonu) anadan olduğunu deməliyik. O, Avropada həm də Xəlil bəy Musayasul adı ilə tanınır. Rəssam olmaq arzusu ilə Tiflisdəki İncəsənəti Təşviq Cəmiyyəti nəzdindəki Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə (1912) qəbul olunmuşdu. Burada o, gürcü Lado Qudiaşvili və Mixail Çaureli, azərbaycanlı Bəhruz bəy Kəngərli ilə (bir neçə il əvvəl burada həmyerlimiz Qeysər Kaşiyeva-Seyidbəyli də oxumuşdu) birlikdə məktəbin direktoru Oskar Şmerlinqdən dərs almışdı. Sonralar dünya şöhrəti qazanacaq L.Qudiaşvili həm X.Musayevin, həm də B.Kəngərlinin yaxın dostu idi.
Qeyd etmək lazımdır ki, avar gənc çox qısa müddətdə, 1912-1913-cü illərdə duyulası istedada malik olduğunu hamıya nümayiş etdirir. Həmin illərdə onun “Molla Nəsrəddin”lə yanaşı, Bakıda nəşr olunan “Kəlniyət” və rusdilli “Baraban” jurnallarında satirik rəsmləri çap olunur. Onun istedadını nəzərə alan O.Şmerlinq gəncə Avropada ali təhsil almağı məsləhət görür. O da müəlliminin tövsiyəsinə qulaq asıb 1913-cü ildə Münxenə (Almaniya) yollanır və oradakı Bavariya Rəssamlıq Akademiyasında (professor Qabriel Ritter fon Hakenin sinfində) təhsil almağa başlayır. Lakin onun həyatının Almaniya dövrü cəmisi bir il çəkir.
I Dünya müharibəsinin başlanması və burada antirus əhval-ruhiyyəsinin güclənməsi Rusiya təbəəsi olan Xəlili təhsilini yarımçıq buraxıb vətənə dönməyə məcbur edir. Münxendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk) yaradıcılıqla məşğul olmuş, həm də O.Şmerlinqin təklifi ilə “Molla Nəsrəddin”lə əməkdaşlığı başlamışdı. Eyni zamanda onun başqa nəşrlərdə də karikaturaları dərc olunurdu. 1919-cu ildə Dağıstanda onun ilk və son fərdi sərgisi də təşkil edilir. 1920-ci ildə Dağıstanda sovet hakimiyyətinin qurulmasından sonra onu yeni yaradılan Xalq Maarif Komissarlığında İncəsənət bölməsinin rəhbəri təyin edirlər. Xəlil Musayev kommunist rejimi ideologiyasını təbliğ edən bir qurumda vəzifə tutsa da, elə ilk gündən bolşevizmdən yaxa qurtarmaq istəyində idi. Yaradıcı adam üçün “ÇK” tərəfindən həbs olunmaq təhlükəsi ilə (o vaxtlar onun əmisi oğlu “ÇK” tərəfindən sorğu-sualsız güllələnibmiş) yaşamaq çox çətin idi. Onun başlıca məqsədi Almaniyaya qayıtmaq və təhsilini davam etdirmək idi.
Gərgin yaşantılarla baş-başa qaldığı həmin vaxtlarda – 1920-ci ilin yayında Xəlil Musayev rəng almaq bəhanəsi ilə Bakıya yollanır. Qənaətimizcə, elə bu səfəri zamanı onun Əzim Əzimzadə ilə görüşü baş tutmuşdur. Xatırladaq ki, o vaxtlar Ə.Əzimzadə də X.Musayevin Dağıstanda daşıdığı vəzifəyə uyğun vəzifədə çalışırdı. Daha dəqiq desək, o, 1920-ci ilin 24 mayından Xalq Maarif Komissarlığının Məktəbdənkənar təhsil şöbəsi nəzdindəki incəsənət işlərinə baxan yarımşöbədə müdir vəzifəsində işləyirdi. Odur ki, onların görüşünə həm “Molla Nəsrəddin”çi olmaları, həm də oxşar vəzifələrdə çalışmaları səbəb ola bilərdi. İki tanınmış rəssamın təmasının nəticəsi olan həmin portret də elə o vaxt çəkilmişdir. Portretin altında ərəb qrafikası ilə X.Musayevin adı və familiyası, eləcə də əsərin çəkildiyi tarix yazılmışdır: 3.VII.1920.
19x30 sm ölçülü kağız üzərində karandaşla çəkilmiş portretdə Əzim Əzimzadə romantik bir tutumda təsvir olunmuşdur. Onun öz aləminə qapıldığını təsdiqləyən baxışlarının, dalğın saçlarının real biçimli təqdimatı gözoxşayandır. O vaxta qədər portret yaratmaq sahəsində zəngin təcrübə toplayan Xəlil Musayev rəssam dostunun incə-axıcı cizgilərdən istifadə etməklə yaddaqalan portretini yaratmışdır. Heç şübhəsiz, mövcudluğu ilə zaman-zaman iki böyük sənətkarı xatırladacaq bu əsər həm də tarixi mahiyyətinə görə əhəmiyyət kəsb edir...
Xəlil Musayev isə 20-ci illərdə dövlət xətti ilə təhsilini Bavariya Rəssamlıq Akademiyasında davam etdirmiş və 1925-ci ildə oranı bitirmişdi. Bundan sonra geri qayıtmayan rəssamın 1925-1947-ci illərdə Avropada (Münxen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid), eləcə də Tehran və Nyu-York şəhərlərində çox uğurla keçən sərgiləri baş tutmuşdur. İkinci Dünya müharibəsi başa çatandan sonra o, 1947-ci ildə ABŞ-a mühacirət etmişdi. Lakin buradakı həyatı da uzun sürmür və ağır xəstə olan rəssam iki il sonra vəfat edir. Vəfatından sonra vətənində onun əsərlərindən ibarət fərdi muzeyi açılmışdı...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor