Ötən gün «Zirə adası» layihəsinin işçi qrupunun media nümayəndələri ilə görüşü keçirildi.
   Bakı şəhərinin sahil xətti boyunca seyr olunan yaraşıqlı üfüq yaratmaq ideyası Danimarkanın “BIG Architects”, Ramboll mühəndis şirkəti və “Pihl and Son” tikinti şirkətlərinin dizaynerləri tərəfindən ərsəyə gəlib.

   
    “Zirə adası” Xəzər dənizində yerləşən və 1 milyon kvadratmetr sahəni əhatə edən baş planlı, xarici elektrik enerjisi istifadə etməyən, yaşayış kvartalları, mədəniyyət mərkəzləri və asudə vaxt keçirmək üçün obyektləri olan kurort və yaşayış məkanıdır.
   Layihə haqqında məlumat verən baş dizayner bildirdi ki, adanın layihəsində “Yeddi zirvə” konsepsiyası həyata keçirilir: “Yeddi zirvə”dən hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdırır. Hər bir zirvədə xüsusi və ictimai funksiyalar birləşir. Birlikdə dağlar adanın təbii topoqrafiyası ilə ahəng olan üfüqü formalaşdırır. Sıx və parlaq şəhər cəmiyyəti xüsusi kurortlar, qolf meydanları və çimərlikləri olan mərkəzi ictimai vadi ilə birləşir. Ümumi xətt dağları əlaqələndirir və ziyarətçiləri bütün yeddi zirvəni bir gün ərzində baş çəkməyə dəvət edir”. Layihə nümayəndəsinin sözlərinə görə, “Yeddi zirvə”yə əlavə olaraq baş planda həmçinin Xəzər dənizi üzərində gözəl mənzərəyə açılan 300 şəxsi villa üçün yer ayrılıb.
   Ənənəvi Azərbaycan tikinti arxitekturasını ən yeni texnologiyalarla birləşdirərək, “Zirə adası” mənbələrdən minimal dərəcədə istifadə etməklə yüksək səviyyəli həyat tərzini təmin edəcək və dünyaya yeni imkanlar nümayiş etdirəcək.
   Adadakı binalar Xəzər dənizi ilə əlaqələndirilən istilik nasosları ilə qızdırılacağını deyən cənab Kay dedi ki, layihəyə görə, arxitekturaya birləşdirilmiş günəş istilik panelləri davamlı isti suyu təmin edəcək. Fasad və damlarda yerləşdirilən foto-qalvanik qurğular isə gündüz vaxtı enerji toplayaraq su hovuzu və akva parkları istiliklə təmin edəcək.
   Adada istifadə olunacaq suya gəlincə, layihənin baş məsləhətçisi Qədir Koşar bildirdi ki, layihəyə görə, istifadə olunmuş su yağış suyu toplanaraq həmçinin yenidən emalı zavoduna yönəldiləcək və orada su istifadə və suvarma işləri üçün təmizlənəcək.
   Layihədə Bakının “küləklər şəhəri” olması prinsipindən yararlanılıb. Sahilyanı külək fermalarının hesabına küləkdən enerji toplanaraq adada ətraf mühiti çirkləndirməyən enerji təminatı sistemi olacaq. Gələcəkdə hava turbinlərini dənizdə yerləşdirməklə, sahildən kənar olan mövcud neft sənayesi platformalarını və bazaları ekoloji cəhətdən daha əlverişli turbin platformalarına çevirəcək.
   Qeyd edək ki, layihənin reallaşdırılması 6 ilə nəzərdə tutulub. İşçi qrupunun nümayəndələrinin fikrincə, adanın turizm obyektinə çevrilməsi Azərbaycana gələcəkdə güclü turist axınına səbəb olacaq.

Fəxriyyə ABDULLAYEVA