Bu tədris ocağı ilə Almaniyanın Höte İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
   
   Azərbaycanın orta məktəblərində xarici dillərin tədrisinə böyük önəm verilir. Hazırda bu sahədə ingilis dili dominantlıq təşkil edir, ikinci yerdə fransız, üçüncü yerdə isə alman dili gəlir. Almaniyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən institutları və bu ölkənin Azərbaycandakı səfirliyi alman dilinin Bakının orta məktəblərində dərs saatlarının artırılması və bu dilin mükəmməl tədrisinə nail olmaq məqsədilə müxtəlif tipli layihələrin reallaşdırılmasına çalışır. Belə layihələrdən birinin həyata keçməsi ilə bağlı aprelin 2-də Almaniya Federativ Respublikasının Höte İnstitutu ilə Bakının Yasamal rayonundakı M.Müşfiq adına 18 saylı pilot məktəb arasında sənəd imzalanıb.    

     Məktəbin təşkilati işlər üzrə direktor müavini Bəsti Ağayevanın dediyinə görə, ötən ilin oktyabr ayında Almaniyanın Höte İnstitutunun Tiflisdə yerləşən ofisinin nümayəndəsi Elliyas Xolqe 18 saylı məktəbin qonağı olub: «X.Elyas alman dili dərslərində olduqdan sonra bizə əməkdaşlıq təklif etdi. O bildirdi ki, bu dilin mükəmməl tədris edilməsi məqsədilə partnyor layihə mövcuddur. Bu layihəyə dünya ölkələrində mövcud olan 1000 məktəb daxildir. Qonağımız onu da dedi ki, bizim məktəbin də həmin tədris ocaqlarının sırasında olmasını arzulayır».
   İlkin razılıqdan sonra E.Xolqe 18 saylı məktəbə xeyli miqdarda texniki vəsait gətirib. B.Ağayevanın dediyinə görə, 2 kompyuter dəsti, 1 ədəd «Panasonik» markalı televizor, musiqi mərkəzi, videokamera, 1 ədəd multimedia dəsti və s. gətirilən vəsaitlər içərisinə daxildir. Direktor müavini onu da bildirdi ki, həmin vəsaitlər hesabına artıq məktəbdə 2 alman dili otağı qurulub.
   18 saylı məktəbin direktoru Vaqif Hüseynov isə deyir ki, layihənin reallaşdırılmasında onların da məktəb olaraq öz maraqları var: «Əvvəla, alman dilini yaxşı bilən şagirdlərimiz və müəllimlərimiz yay tətili ərzində 1 həftə müddətində Almaniyada olmaq, onların orta məktəblərinin təcrübəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. İkincisi, məktəbimiz bu layihənin hesabına müxtəlif tipli texniki vəsaitlərlə təmin edildi. Üçüncüsü, şagirdlərimiz dünyanın bir çox məktəbləri ilə əlaqə yarada və bu yolla da onlarla fikir mübadiləsi apara biləcəklər».
   Qeyd edək ki, layihənin imzalanma mərasimində Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, Almaniya Höte İnstitutunun departament direktoru cənab Völl, Almaniyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil üzrə attaşesi cənab Şmidtel, layihənin koordinatoru Elliyas Xolqe, 18 saylı məktəbin direktoru Vaqif Hüseynov, məktəbin müəllim və tələbələri iştirak ediblər.