İnsanlıq naminə səsinizi ucaldın!

Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram!

Bu sözlər Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun dünya yazıçılarına müraciətində yer alıb.

Müraciət türk, rus, ingilis, alman, ərəb, fransız və ispan dillərində Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, Estoniya, Latviya, Litva, Serbiya, Slovakiya, İspaniya, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə, Meksika, Argentina, Kuba, İordaniya, Misir, Macarıstan və digər ölkələrin yazıçılar təşkilatlarına, Fransızdilli Yazıçılar Assosiasiyasına göndərilib.

Müraciətdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının 30 ilə yaxın davam etdiyi, bununla bağlı məkrli erməni siyasətinin tarixi köklərinin isə hələ ötən əsrin əvvəllərinə, azərbaycanlı dinc əhalinin şəhər və kəndlərdə qətlə yetirildiyi 1905–1906-cı illərə gedib çıxdığı vurğulanır. Müraciətdə XIX əsrin əvvəllərində Qarabağ xanlığının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsindən sonra baş verən proseslərə, ermənilərin mərhələ-mərhələ tarixi Azərbaycan torpaqlarına köçürülməsinə ekskurs edilir, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən deportasiya, etnik təmizləmə siyasəti, 1992-ci ilin Xocalı soyqırımı diqqətə çatdırılır.

Xocalıda törədilən erməni vəhşilikləri və bu günlərdə Gəncə şəhərinin bombardman edilməsi ilə bağlı fotoşəkillərin də əlavə olunduğu müraciət bu sözlərlə bitir: “Azərbaycanlılara qarşı çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!”.