Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə birlikdə yeni turizm marşrutunu təqdim edib. İçərişəhər-Şərqi Abşeron-Qala adlanan marşrutun yaradılmasında əsas məqsəd Azərbaycanın turizm potensialının tanıtdırılmasıdır.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayevin mətbuata verdiyi məlumata görə, Abşeron yarımadasında olan mədəni irsin, tarixi abidələrin böyük əksəriyyəti bu marşrutda öz əksini tapıb: «Ən maraqlısı isə odur ki, marşrut bizim muzeydə yekunlaşır. Qala Muzey Kompleksi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ən müasir texnologiyalar əsasında yaradılıb. Burada eramızdan əvvəl üçüncü minillikdən başlayaraq 20-ci əsrin əvvəllərinə qədər Abşeron tarixinə aid həm arxeoloji, həm də etnoqrafik baxımdan dəyərli eksponatlar toplanıb. Çalışmışıq ki, burada nəinki qədim mədəni irsi, həm də orta əsrlər Abşeronunun yaşayış tərzini əks etdirək. Bütün bunlarla tanış olmaq isə turistlər üçün çox maraqlıdır».
Muzey kompleksinin yaradılmasında əsas məqsədin eyni zamanda interaktiv turizmin inkişafı olduğunu deyən F.Məmmədovun sözlərinə görə, hazırda bu turizm növü bütün dünyada dəbdədir: «Buraya gələn turistlər arzu etdikləri işlə məşgul ola bilirlər. Qonaqlarımızın bəzilərini xalça toxumaq, bəzilərini təndirə çörək yapmaq, bəzilərini isə emalatxanalarda işləmək maraqlandırır. Bunun üçün muzey kompleksində hər cür şərait mövcuddur».