“Türkiyə-Azərbaycan əlaqələri və bölgədəki son proseslər” mövzusunda onlayn konfrans keçirilib

Oktyabrın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Parlamentlər Vəqfinin (TDPV) təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan əlaqələri və bölgədəki son proseslər” mövzusunda onlayn konfrans keçirildi.

“YouTube” kanalında canlı yayımlanan tədbirdə Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, TDPV-nin sədri Abdullah Çalışkan, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, professorlar Selma Yel və Ankara Polis Akademiyasının müəllimi Osman Köse iştirak edirdilər.

TDPV-nin sədri Abdullah Çalışkan çıxış edərək tədbirin məqsədi barədə məlumat verdi. O, 30 ilə yaxındır Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qaldığını, son hadisələrdəki cinayətkar əməllərini və eləcə də humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumunu şiddətlə qınadıqlarını bildirdi.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq siyasətinin davam etdirilməsini dözülməz hal kimi dəyərləndirdi. Təcavüzkar dövlətin Azərbaycanda mülki əhalini hədəf alması, o cümlədən Gəncəyə ballistik raket atması insanlıq əleyhinə cinayət kimi səciyyələndirildi.

Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin və xalqının mənəvi dəstəyini əsl qardaşlıq nümunəsi olduğunu deyən səfir Türkiyənin artıq regional deyil, qlobal güc səviyyəsinə çatdığını vurğuladı: “Bu gün Azərbaycanın öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində geri almaq haqqı var. Siyasi baxımdan hadisələrin tez həll olunması Ermənistandan asılıdır”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında Türkiyə-Azərbaycan əlaqələrinə toxundu və bildirdi ki, bu çətin günlərdə Türkiyənin Azərbaycana verdiyi dəstək əvəzsizdir: “Biz öz torpaqlarımızın azad edilməsi üçün daha 30 il də gözləyə bilmərik. Bu problemin mövcudluğu enerji təhlükəsizliyinə də ziyan vurur. Əks halda Qafqaza təhlükəsizlik gələ bilməz”.

Professor Selma Yel isə bölgədə yaranan problemin tarixi köklərinə nəzər saldı. Qeyd etdi ki, tarixi Azərbaycan torpaqlarında məqsədli şəkildə yaradılan Ermənistan terrorçuluq missiyası həyata keçirir, terroristlərdən hərbi qüvvə toplayır. O, ermənilərin Qafqaza və Azərbaycan torpaqlarına köçürülməsi və bunun acı nəticələrini də diqqətə çatdırdı.

Konfransda o da bildirildi ki, Azərbaycan Ordusunun torpaqlarımızı işğal altından xilas etmək üçün həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn verdiyi haqdır. Müzəffər Ordumuzun Dağlıq Qarabağı və ətraf ərazilərimizi işğaldan azad etməsi ilə regionda yeni sülh, sabitlik və inkişaf mərhələsi yaranacaq.

Mehparə SULTANOVA
Ankara