Xalq artisti Ağaverdi Paşayev: “Maestro Niyazinin əzəməti və şəxsiyyəti qarşısında dirijorluğa vuruldum”

İnsan ömrünü mənalı yaşayanda, həyatını və potensialını xalqının, ölkəsinin mənafeyinə sərf edəndə zamanın necə keçdiyindən xəbərsiz olur. Müsahibimiz 70 yaşını qarşılayan tanınmış dirijor və pedaqoq, Xalq artisti, professor Ağaverdi Paşayevdir. 45 illik sənət yolu gələn sənətkar zamanın sürətlə keçdiyini deyir:

– Həyat belədir, bir də xəbər tutursan ki, artıq 70-in astanasındasan. Amma hərdən oturub özümə hesabat verirəm. Düşünürəm ki, mən bu yaşa qədər nə edə bilərdim və nə etdim. Ola bilsin bəzi işlərə vaxt çatmayıb, bəzən səhlənkarlıq etmişəm. Amma nəyə nail olmuşamsa, buna da şükür.

 

– Etmədikləriniz? Bu, yəqin ki, sənətlə bağlıdır.

– Bəli, sənətdən danışıram. Orta məktəbi bitirəndən taleyim sənətə bağlandı. Eyni vaxtda musiqi məktəbində də təhsil alırdım. Musiqi məktəbini bitirib Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Orta məktəbdən məzun olanda eyni zamanda bu texnikumun tələbəsi idim. Politexnik İnstitutuna da qəbul olundum. İki il paralel təhsil aldım. Texnikumu bitirib Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunduğuma görə Politexnik İnstitutunda axşam şöbəsinə keçdim.

 

– Musiqi və texniki sahə...

– Uşaq yaşlarımdan məni musiqi daha çox özünə cəlb edirdi. Orta məktəbi bitirməyə az qalmış sinif rəhbərimiz Əfşan müəllimə şagirdlərlə söhbət zamanı kimin hansı ixtisası seçəcəyi ilə maraqlandı. Söhbət əsnasında dedi ki, bilirəm Ağaverdi ədəbiyyatı və musiqini çox xoşlayır, artıq o, musiqini seçib... Qeyd edim ki, məktəbli ikən “Oxu, tar”, “Sən nəğmələr qoş”, “Oxu, bülbül” adlı respublika müsabiqələrində iştirak edərək laureat olmuşdum. Daha sonra VI, VII respublika müsabiqələrinin də qalibi oldum. Mərhum sənətkarımız Yaşar Nuri ilə eyni sinifdə oxuyur və eyni partada otururduq. Sinif rəhbərimiz dedi ki, Yaşar “anadangəlmə aktyor”dur, İncəsənət İnstitutuna gedəcək. O vaxt Yaşar artıq televiziyada “Buratino” və digər uşaq verilişlərində iştirak edərək tanınırdı. Müəllim onu bildirdi ki, sizin sinifdən texniki ixtisaslara gedən olmayacaq. Məhz sinif rəhbərimizin bu fikrinə görə mən o vaxt texniki sahə üzrə ali təhsilə sənəd verdim. Özümü sübut etmək istədim və nail oldum. Mən kimya və fizikadan da respublika olimpiadalarında qalib olmuşdum.

 

– Amma özünüzü musiqidə tapdınız...

– Bəli, musiqi mənim həyatımın ayrılmaz hissəsi idi. Tar aləti üzrə musiqi məktəbində təhsil almışdım. 7 müsabiqənin qalibi olmuşdum. Konservatoriyaya tar aləti üzrə qəbul olunsam da, dirijorluğa həvəsim başqa idi. Bu istək məndən əl çəkmirdi. Musiqi Texnikumunda bizə dirijorluq dərsi də keçirdilər. Dövlət imtahanında ixtisas, muğam və dirijorluqdan əla qiymət almışdım. Dirijorluq fənnini Musiqili Komediya Teatrının baş dirijoru Kamal Məmmədov tədris edirdi. Konservatoriyanın ikinci kursunu bitirəndə Dirijorluq kafedrasına keçdim. Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə eyni kursda oxuyurduq. Cavanşir də tar üzrə təhsil alırdı. Hər ikimiz rektor Soltan Hacıbəyova ərizə yazdıq. O, bəstəkarlıq üzrə Cövdət Hacıyevin sinfinə, mən isə dirijorluq üzrə Nicat Məlikovun sinfinə dəyişildim.

 

– Dirijorluq həvəsinin tarı üstələməyinin səbəbi nə idi?

– Dirijorluğun imkanları və Niyaziyə olan sevgim əsas səbəb idi. Məhz bu sevgi mənə bu sahədə özümü təsdiq etməyə təkan verdi. Mən maestro Niyazinin əzəməti və şəxsiyyəti qarşısında dirijorluğa vuruldum. Filarmoniyaya gəlib Niyazi müəllim orkestrlə məşq edən zaman gizli onu müşahidə edərdim. Zalda yad adamın olmasını xoşlamırdı. Boyum onsuz da balaca idi və gizlənirdim ki, məni görməsin. Onun yalnız əllərinə baxırdım.

Hərbi xidmətdən sonra özümə ikinci həyat müəllimi hesab etdiyim böyük sənətkarımız Süleyman Ələsgərov məni konservatoriyaya dəvət etdi. Həm dirijorluqdan dərs deməyə başladım, həm də tələbə orkestri mənə həvalə olundu. Bu sahədə bacarığımı əsirgəmədim. Bunun öhdəsindən necə gəldiyimi xalqımız deyə bilər.

 

– Tələbələriniz arasında tanınmış simalar var...

– Tələbələrim dirijor kimi uğur qazananda sevinirəm. Gəncə Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Elman Məmmədov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru və Xalq çalğı alətləri orkestrinin baş dirijoru Elman Əliyev, Milli Konservatoriyanın dosenti  İlahə Hüseynova, sənətşünaslıq üzrə elmlər doktoru Fuad Əzimli, Əməkdar incəsənət xadimi Nazim Quliyev, BMA-nın professoru Maya Qafarova və başqalarını qeyd edə bilərəm.

 

– Hazırda pedaqoji fəaliyyət, orkestrlərlə iş... Bunların öhdəsindən necə gəlirsiniz?

– Məncə, insan öz əməyini düzgün böləndə işləmək rahat olur. Əsas odur ki, işini və sənətini sevəsən.

 

– Ailədə sizdən əvvəl musiqiçi olmuşdumu?

– Ailəmizdə məndən əvvəl musiqiçi olmayıb. Yalnız dörd dayımdan ən kiçiyi nağara ifaçısı idi və unudulmaz klarnet ifaçısı Əşrəf Əşrəfzadə ilə birgə işləyirdi. Amma bu gün artıq nəslimizdə bir neçə musiqiçi yetişib. Oğlum Sahib Paşazadə, bacımın nəvəsi BMA-nı fortepiano ixtisası üzrə bitirib, dayıoğlum, Əməkdar artist Qorxmaz Qurbanov. Mənim musiqiyə gəlişimdə anamın çox böyük zəhməti olub. O, mənə təlqin etdi, musiqiyə sevgini ruhuma, şüuruma hopdurdu.

 

– Müsahibə aldığım əksər sənətkarlar musiqiyə gəlişlərində nədənsə məhz analarının rolu olduğunu qeyd edirlər...

– Lalə xanım, anam mənim tanınmış tarzən olmağımı çox arzulayırdı. Hətta o vaxt ixtisasımı dəyişəndə məndən xəbərsiz böyük dayımı Soltan Hacıbəyovun yanına yollayıb xahiş etmişdi ki, məni dirijorluğa keçirməsin. Bu məsələni anam mənə çox sonralar demişdi. Soltan müəllim o vaxt dayıma deyibmiş ki, narahat olmayın, bizdə qəbulda güclü komissiya olur. Ola bilsin ki, heç dirijorluğa keçə bilmədi. Amma mən imtahandan uğurla keçə bildim. Tarı mən bu gün də çox sevirəm və tara sevgimi anamın musiqiyə olan sevgisi kimi əziz tuturam. Baxmayaraq ki, 40 ildir tara əl uzatmıram.

 

– Bunun xüsusi bir səbəbi varmı?

– Öz tarımı oğlum Sahibə vermişdim. Bir dəfə istədim tarı götürüm ifa edim. O zaman Sahib uşaq idi. Qaça-qaça gəlib dedi ata, neyləyirsən, o axı mənim tarımdır. Elə bu sözdən sonra sanki nəsə toxundu mənə və bir daha tara yaxın getmədim...

 

– Sahib də öz istedad və bacarığı ilə, belə demək mümkünsə, təsdiq etdi ki, onun tarına, həqiqətən də, əl vurmaq olmaz...

– Bəli. Qeyd edim ki, mən o vaxt Sahibi birbaşa tar alətinə yazdırmadım. Tarı sadəcə ona bağışladığımı demişdim. O, Bülbül adına məktəbdə fortepiano sinfində 5 il oxuyandan sonra tar alətinə keçdi. Pianonun bütün imkanlarını mənimsəməli idi ki, sonda yaxşı tarzən ola bilsin. İlk müəllimi özüm oldum. Muğam üzrə isə Sərvər İbrahimov dərs dedi. İndi sevinirəm ki, düz seçim etmişəm. Sahibi tar sinfinə dəyişən günü anama müjdə verdim. Sahib onun bütün arzularını doğrultdu.

 

– Bir qədər də musiqi təşkilatçılığı fəaliyyətinizdən danışaq.

– 1999-cu ildə filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edildim. Bir neçə ay bu kollektivlə işlədikdən sonra o vaxtkı Mədəniyyət naziri Polad Bülbüloğlu məni qəbul etdi. Bildirdi ki, filarmoniyada Dövlət Xalq Çalğı Alətləri Orkestri yaratmaq istəyir və Süleyman Ələsgərovun məsləhəti ilə məni dəvət edib. Altı ay möhlət istədim, ancaq mənə 3 ay vaxt verdilər. Bir həftə ərzində yetişdirdiyim tələbələri bir yerə yığdım. Filarmoniya təmirdə idi. Kamera və orqan musiqisi zalında məşqlər etdik. 7-8 əsər hazırlamışdım. 2000-ci ilin yanvar ayında nazirlikdən gəlib bizi dinlədilər və həmin vaxtdan işə başladıq. Bu il orkestrin 20 illik yubileyidir. Doğrudur, 20 il yaradıcılıq baxımından böyük müddət deyil. Kollektivin oturuşması üçün müəyyən dövr lazımdır. Ancaq bu müddətdə çox zəngin bir yol keçə bildik. Hazırda orkestrimizin 60-a yaxın üzvü var. Bir çox incəsənət və dövlət xadimlərinin yubileylərini keçirmişik, qastrollar, tədbirlər və s. Azərbaycan mədəniyyəti günləri çərçivəsində müxtəlif ölkələrdə konsertlər vermişik. UNESCO-da konsertlərimiz böyük maraqla qarşılanıb.

2013-cü ildə TÜRKSOY-un xətti ilə ezam olunduğum Karaqanda şəhərində Qazax Xalq Çalğı Alətləri Orkestri ilə konsert verdim. Konsertdən sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Arşın mal alan” musiqili komediyasının 100 illiyi münasibətilə yubilyar əsərin orkestrlə konsert-tamaşasını hazırlamağı təklif etdi. Həmin vaxt mən artıq Bakıda bu əsərin konsert-tamaşa variantını öz orkestrimlə hazırlamışdım. Qazaxıstan orkestrinə öz kollektivimizdən hər alətdən birini əlavə etdik. Nəticədə Qazaxıstan və Azərbaycan musiqiçiləri, digər türkdilli ölkələrin solistlərinin iştirakı ilə gözəl bir tamaşa ərsəyə gətirdik. Bu tamaşa Karaqandada, Astanada, eləcə də Paris və Strasburq şəhərlərində nümayiş olundu. Hazırda pandemiya səbəbindən fəaliyyətimizdə fasilə yaranıb.

 

– Uşaq-gənclər xalq çalğı alətləri orkestri də sizin sayənizdə yaradılıb...

– Bəli, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan orkestr artıq 10 ildir ki, uğurla fəaliyyət göstərir. Kollektivin Xalq çalğı alətləri orkestr mənə, simfonik hissəsi isə Teymur Göyçayevə həvalə edildi.

Bakıdakı 38 musiqi məktəbindən 240 şagird orkestrə seçim üçün gəlmişdi. Onların arasından 50 şagird seçildi. Bu gün onların sırasında 7 Prezident təqaüdçüsü var. Bir çətin cəhət odur ki, uşaqlar böyüyür və onlar orkestrdə qala bilmirlər. Orkestr daim yenilənir. Orkestrin 25-dən artıq konserti lentə alınıb.

2010-cu ildən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bazasında kiçik kamera orkestrimiz də fəaliyyət göstərir. Bəstəkarlar Sərdar Fərəcov, Nazim Quliyev, Həsən Adıgözəlzadə məxsusi olaraq milli kamera orkestri üçün əsərlər yazmağa başladılar. Bu gün kamera orkestri üçün yazılan əsərlər azdır. İstərdik ki, bu əsərlərin sayı çox olsun.

 

– Xalq Çalğı Alətləri Orkestri həyatınızın ayrılmaz bir parçasına çevrilib...

– Ömrümün 45 ilini bu sahəyə həsr etmişəm. O vaxt Səid Rüstəmov orkestrə (hazırda Azərbaycan Televiziyasının Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri – red.) qanun alətini də əlavə edir. Qərbi Azərbaycandan dəvət olunan Asya Tağıyevanın gəlişi ilə qanun sinfi açılır. Bir neçə il sonra Süleyman Ələsgərov Özbəkistandan dütar alətini gətirdi və orkestrdə bas-tarı əvəz edən bir alət yarandı. Bu artıq bütün orkestrlərdə var. Bu tarda ustalarımız bəzi dəyişiklik etdilər. Mən də müəllimlərimin yolunu davam etdirərək orkestrdə bas səsləri artırmaqdan ötrü bəm və bas-kamançaları, santur, son illərdə saz alətini – kontur-sazı əlavə etdim. Bununla da orkestrin səsi çox gözəl səviyyəyə çata bildi. Bu əlavələr musiqişünaslar tərəfindən də dəyərləndirilib. Ömür vəfa etsə, yeni artımlar etmək fikrim var.

Bu alətlərin hər birinin qədim tarixi var. Tehran Milli Alətlər Muzeyində olduğum zaman orada bas-kamança adlanan bir alət gördüm. Dedilər ki, bu alətin 2 əsrdən artıq yaşı var. Düşündüm ki, niyə bizdə bu alətdən olmasın. Təbrizdə bu aləti düzəldə bilən Kamil adlı ustanı tapdım. O bu alətdən yenisini düzəltdi. Mədəniyyət Nazirliyi ötən il bu aləti bizim üçün aldı. Hazırda bizdə bu alətdən ikisi var. İkisini də əlavə sifariş vermişik. Bizim alətlərin hamısı milli kökə malikdir. Mən Üzeyir bəyin yaratdığı kollektivə baxıb onun üzərində daha da müasir və kompakt bir orkestr yaratmağa səy göstərdim. Bu orkestri daha da inkişaf etmiş bir kollektivə çevirmək istəyirəm. Artıq orkestrimizlə bağlı bir monoqrafiya, 3 dissertasiya yazılıb, 4-5 magistr işi hazırlanıb. Çünki bizim partituralar Səid Rüstəmov adına orkestrindən fərqlidir.

 

– Biz, sizinlə yubiley söhbəti etmək istəyirdik...

– Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Xalq Çalğı Alətləri Orkestri elə mənim bütün həyatımın bir hissəsidir. Bizim də məqsədimiz odur ki, hərə öz sahəsində Azərbaycanın adını uca tutsun. Arzum budur ki, tezliklə pandemiya bitsin və Vətən müharibəsində qələbə sevincini yaşamaq qismətimiz olsun. Buna inanırıq da. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tutduğu bu mövqeni hər birimiz, bütün xalqımız dəstəkləyir və ona arxayıq. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımız yurd yerlərimizi bir-bir işğaldan azad edir.

 

– Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

L.AZƏRİ