Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramı bir neçə aylıq fasilədən sonra yeni mövsümdə ekranlara qayıdıb. Mövsümün ilk verilişi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə yayımlanıb.
Xalqımızı və dövlətimizi Müstəqillik Günü münasibətilə təbrik edən proqramın müəllifi və aparıcısı, həmyerlimiz, jurnalist Səidə Ömər bildirib ki, yay fəsli ilə əlaqədar, bir çox televiziya proqramları kimi, bu verilişin yayımına da fasilə verilmişdi: “İndi biz yenidən ekranlara qayıtdıq. Artiq iki ildən çoxdur ki, doğma Azərbaycanımı Türkiyə tamaşaçısına, o cümlədən kanalımızı izləyən digər ölkə vətəndaşlarına tanıdıram. Üçüncü mövsümün ilk verilişinin məhz Dövlət Müstəqilliyi Günündə yayımlanması xüsusilə qürurverici hissdir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı əsasında hazırlanan veriliş “Türkiyənin Bakı qoxulu İstanbulundan Azərbaycan əsgərinə salam” sözləri ilə başlayıb.
Buraxılışda Qarabağ problemi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları və Azərbaycan Ordusunun düşmənə bütün cəbhə boyu sarsıdıcı zərbələr endirməsi, doğma Qarabağımızdan gələn qələbə xəbərlərindən bəhs edilib.
Verilişdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri və tanınmış diplomat Hulusi Kılıçın və Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun videogörüntülü təbrik və dəstək mesajları da səsləndirilib, vətənpərvərlik ruhunda musiqilər, mahnılar ifa edilib. Səidə Ömər “Ən böyük arzum “Azərbaycan rüzgarı”nın Qarabağdan əsməsidir”, - deyə söyləyib.
Mehparə SULTANOVA
Ankara