Tələbələrin I Beynəlxalq Bakı Konfransı öz işinə başladı
   
   Dünən Muzey Mərkəzində "Turizm - mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı öz işinə başladı. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti, Xəzər və Qafqaz universitetlərinin turizm fakültələrinin tələbələri, həmçinin Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan və Qazaxıstan kimi ölkələrin tanınmış ali məktəbləri də təmsil edilirdi.
   
   Konfransı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, tədbirin başlıca hədəflərindən biri turizmin humanitar potensialını təşviq etməkdir: «Bu gün biz yeni bir təşəbbüslə çıxış edirik. Belə ki, bu tədbiri Azərbaycanın turizm potensialının təbliği və təşviqi ilə yanaşı, respublikada turizm təhsilinin inkişafı sahəsində görüləcək əhəmiyyətli tədbirlərdən biri kimi də qiymətləndirmək olar. İnkişafda olan hər bir sahə kimi, turizm sahəsində də irəliləyişə nail olmaq üçün ən əvvəl kadr potensialı məsələsini həll etmək lazımdır. Elə bu məqsədlə də bir neçə il öncə Azərbaycan Turizm İnstitutu (ATİ), Mingəçevir Turizm Kolleci yaradıldı. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən bir çox ali məktəblərdə ayrıca turizm fakültələri var. ATİ Azərbaycanda yeganə təhsil ocağıdır ki, öz məzunlarına ikili diplom verir. Bu institutu bitirən tələbələr həm Avstriyanın Krems Universitetinin, həm də ATİ-nin diplomunu alacaqlar».
   Nazir üzünü konfransda iştirak edən xarici tələbələrə tutub dedi: «Bəlkə sizin təmsil etdiyiniz ölkələrdə turizm sahəsi daha yaxşı inkişaf edib. Amma son 5 ilə nəzər salsaq görərik ki, kadr hazırlığı baxımından bizdə çox böyük işlər görülüb. Hansı ki, turizmin inkişafına nail olmaq üçün əsas şərt də budur. Bununla bərabər, adıçəkilən sahənin ən mühüm xüsusiyyətlərindən biri də xarici ölkələrin təcrübəsindən yararlanmaqdır».
   Ə.Qarayev tələbələrin dünyagörüşünün, turizm sahəsi üzrə biliklərinin artması baxımından konfransın işini yüksək qiymətləndirdi.
   Böyük Britaniyanın ən böyük QHT-si olan «British Council»in Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolə Os de Lalüvye çıxışında ölkəsinin turizm sahəsi üzrə yüksək təcrübəyə malik olduğunu və bu təcrübəni hər zaman azərbaycanlı mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildirdi.
   Sonra xarici və azərbaycanlı tələbələr müxtəlif mövzularla bağlı məruzə etdilər və fikir mübadiləsi apardılar.
   Onu da bildirək ki, yuxarıda da qeyd etdiyimiz kimi, artıq Azərbaycanın əksər ali məktəblərində turizm fakültələri açılıb. Qeyri-neft sektoruna aid sahələr içərisində turizm perspektivli və iqtisadiyyatın ən gəlirli sahələrindən biri olduğu üçün ixtisaslı mütəxəssislərin yetişdirilməsi dövlət tərəfindən bu təhsil ocaqlarının qarşısında mühüm məsələ kimi qoyulub. Konfrans iştirakçısı, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, kulturologiya elmləri namizədi Yeganə Əliyeva deyir ki, çalışdığı universitet sözügedən ixtisasın tədrisinə böyük önəm verir: «Bugünlərdə universitetimiz tərəfindən «Beynəlxalq mədəni əlaqələr» adlı dərslik işıq üzü gördü. Bu dərsliyin bütöv bir fəsli beynəlxalq turizmin problemlərinə həsr olunub. Ümumiyyətlə, biz çalışırıq ki, tələbələrin turizm sahəsi üzrə daha çox bilgi almasına nail olaq. Belə tədbirlərin təşkil edilməsini də yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu konfrans Azərbaycana turist cəlb etmək üçün nəzəri-konseptual əsasların işlənib hazırlanmasında bir töhfədir».
   Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə reallaşır və iki gün davam edəcək.
   
   Fəxriyyə ABDULLAYEVA