Azərbaycan

 

26 oktyabr 1925 – Tanınmış rəssam Əşrəf Murad oğlu Murad (1925 – 11.3.1979) Bakıda anadan olub. Avanqard və nonkomformist cərəyanların nümayəndəsi kimi tanınıb, daha çox portret və natürmort janrlarında əsərlər çəkib.

26 oktyabr 1925 – Ədəbiyyatşünas, yazıçı Qafar Herisçi (1925-1997) anadan olub. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda (1945-1946) fəal iştirak edib.

 

27 oktyabr 1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900-1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933-1937) çalışıb.

27 oktyabr 1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

27 oktyabr 1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

27 oktyabr 1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. “Gələcək gün”, “Böyük dayaq” və s. romanların, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri olub (1954-1958), Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

28 oktyabr 1938 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə Dövlət Musiqili Komediya Teatrı (Azərbaycan və rus truppası) yaradılıb. 1948-ci ildə teatrların özünümaliyyələşdirməyə keçməsi ilə bağlı fəaliyyətini dayandırıb. 1956-cı ildə fəaliyyətini bərpa edib. 2013-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrı adlandırılıb.

 

29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (1941 – 29.2.2020) Bakıda anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Yol əhvalatı”, “Qızıl uçurum”) çəkilib.

 

Dünya

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt; 1819-1887) anadan olub.

26 oktyabr 1842 – Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

 

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini; 1782 - 27.5.1840) anadan olub.

 

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957-2000) Malatyada anadan olub.

 

29 oktyabr 1923 – Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Türkiyə Cümhuriyyəti elan olunub, Mustafa Kamal paşa yeni Cümhuriyyətin ilk prezidenti seçilib.

Hazırladı:  Vüqar ORXAN