Kiçik olmasına baxmayaraq, Ruse şəhərində 200-ə yaxın bina tarix-memarlıq irsi fonduna daxil edilib ki, onlardan da 12-si xüsusi əhəmiyyət kəsb edir. Bunların içərisində 1902-ci ildə memarlar Raul Brank, Georqi Lanq və Frank Şolts tərəfindən inşa edilmiş və damında qanadlı Merkuri olan Doxodnoto binası (köhnə teatr) qeyd edilməlidir. Ən əhəmiyyətli tarix-memarlıq abidələri icərisində - musiqi gimnaziyasının, katolik kilsəsinin, əmanət kassasının, Lyuben Karavelov adına Kitabxananın, Dənizçilər Evinin binasını, Semeonov qardaşlarının evini qeyd etmək olar.
   
   Ruseyə muzeylər şəhəri desək, heç də yanılmarıq. Panteon və tarix muzeyi ilə yanaşı, burada Tonka nənənin muzeyi, Zaxariya Stoyanovun ev-muzeyi, Tom Kırdjıyevin ev muzeyi, şəhər məişəti muzeyi, şəhər bədii qalereyası fəaliyyət göstərir. Muzeylər içərisində Bolqarıstanın ən qədim dəmir yolu stansiyalarının birində yerləşən Milli Nəqliyyat Muzeyi xüsusi qeyd edilməlidir. Bu muzeydə sultan Əbdül Əzizin, çar Ferdinandın və çar Üçüncü Borisin vaqonları saxlanılır.
   Rusenin görməli yerləri siyahısına Leventabiya qalasını, “Kyuntukapiya” darvazasını, 1884-cü ildə memar Frans Qryunanger tərəfindən inşa edilmiş və meteoroloji tədqiqatlar üçün nəzərdə tutulmuş Donanma qülləsini və çoxlu heykəlləri də daxil etmək olar. Burada 1885-ci il serb-bolqar müharibəsində həlak olmuş Tonka Nənəyə, Lyuben Karavelova, Stefan Qaracaya, Rayço Nikolova, Angel Kınçevə və başqalarına heykəllər ucaldılıb. Həmçinin sovet əsgərinin xatirəsinə ucaldılmış abidə qorunub saxlanılır.
   Rusedə opera, filarmoniya, dramatik və kukla teatrları fəaliyyət göstərir. Muasir Ruse ölkənin ən iri musiqi mərkəzi hesab edilir. Hər il burada Mart musiqi günləri, Folklor musiqisi festivalı, Beynəlxalq caz forumu keçirilir.
   Ruse həm də yaşıllıqlar şəhəridir. Şəhərin demək olar ki, hər bir tərəfi yaşıllıq və insana sakitlik gətirən parklardır. Şəhərin mərkəzindən cəmi 6 km məsafədə “Prista” adlanan Qərb parkı yerləşir. Parkdakı enliyarpaq ağaclar, gözəl tərtib olunmuş xiyabanlar, Dunaydakı “Lyülyaka” adlanan ada buraya gələnlərin ruhunu oxşayır. Ruseden şərq tərəfə 12 km məsafədə istirahət, idman və turizm üçün maraqlı olan digər böyük obyekt - Lipnik meşə parkı yerləşir. Burada yaradılmış süni göllər, zooloji guşə, idman bazası, kempinq turizm həvəskarlarının xidmətindədir.
   Ruse vilayəti ərazisindən axan Rusenki Lom çayı Beli, Malki v. Çerni Lom adlı qolları ilə birlikdə nadir bir mənzərə yaradır. Ruse şəhərindən 20 km cənubda çay boyu 3 260 ha ərazidə Təbiət Parkı yaradılıb. Bu ərazidə -Rusedən 31 km cənubda XII-XIV əsrlərdə mövcud olmuş Çerven şəhərinin xarabalıqlarına rast gəlmək mümkündür. Dövrümüzə gəlib-çatmış qala divarları, gözətçi qülləsi, iki darvaza və digərləri baxanları heyrətləndirir.
   Orta əsrlər dövrünün sonlarında çay vadisi tərk-dünya olmuş rahiblərin məskəninə çevrilir. Bu dövrdə burada monastır kompleksləri (İvanovskiy, Kiçik cənnət, Böyük Cənnət, Koşuta), həmçinin kilsələr inşa edilir ki, onlardan bəziləri dövrümüzə qədər qorunub saxlanılıb. İvanov kilsəsinin rəsmləri Trevnen rəssamlıq məktəbinin ustalarının işi olmaqla orta əsrlər bolqar incəsənətinin zirvəsi hesab olunur və 1983-cü ildə YUNESKO-nun Mədəniyyət inciləri siyahısına daxil edilmişdir.
   Ruseni məşhurlaşdıran yazıçı-dramaturq Elias Kanettini də qeyd etmək lazımdır. O, Bolqarıstanın Nobel mükafatı alan yeganə vətəndaşıdır. Bu mükafat ona 1981-ci ildə təqdim edilmişdir.
   Beləliklə, Ruse şəhərindən çox şey öyrənmək olar və buraya səfər etməyə dəyər.
   
   Bahadur Bilalov,
   tarix elmləri namizədi, dosent