Özbəkistan Nazirlər Kabineti nəzdindəki Dövlət Dilinin İnkişafı Agentliyinin təşəbbüsü ilə keçirilən “Dəyərin yüksək olsun, ana dilim” müsabiqəsinə yekun vurulub. Özbək dilinin populyarlaşdırılması məqsədilə təşkil olunan və müxtəlif ölkələrdən nümayəndələrin qatıldığı müsabiqədə Azərbaycanı şair Şahməmməd Dağlaroğlu təmsil edib.
Müsabiqə nəsr, nəzm, publisistika, sosial video, özbək dilinin xaricdə təbliği nominasiyaları üzrə keçirilib. Özbək dilinin xaricdə təbliği nominasiyasında Şahməmməd Dağlaroğlu müsabiqənin birinci mükafatına layiq görülüb.
Müsabiqəyə onlayn qatılan Şahməmməd Dağlaroğlu özbək xalqını və dilini çox sevdiyini bildirib, klassik və müasir özbək şairlərini Azərbaycan dilinə çevirdiyini qeyd edib. O, nominasiyada birinci mükafatın ona verilməsindən məmnunluğunu vurğulayaraq əməkdaşlıq üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, həmçinin tərcüməçi Şəhla Qasımovaya minnətdarlıq edib.