Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Misirdə keçirilən IV “Əl-Quna” Kinofestivalında iki mükafata layiq görülüb. Ekran əsəri “Ən yaxşı Asiya filmi” mükafatı və “Ən yaxşı bədii film” nominasiyasında “Bürünc ulduz” mükafatını qazanıb.
Yeni adların aşkara çıxarılması, həmçinin ərəb dünyasında kinonun inkişafı məqsədilə keçirilən festival bu dəfə 23-31 oktyabr tarixində Misirin Qırmızı dəniz sahilində yerləşən ecazkar kurort şəhəri Əl-Qunada təşkil edilib.
Azərbaycan, ABŞ və Meksika kinematoqrafçılarının birgə istehsalı olan “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran qəhrəman günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.
Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Ekran əsərində Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov və Mürvət Əbdüləzizov çəkiliblər.
L.AZƏRİ