İspaniyanın tanınmış saksofon ifaçısı, bəstəkar və cazmen Pedro İturralde 91 yaşında vəfat edib. Ömrünün sonunadək sənət həyatını davam etdirən ifaçının dekabrın 23-də Madrid Beynəlxalq Caz Festivalı çərçivəsində konserti olacaqdı.
Pedro İturralde flamenkonu cazla sintez edən ilk ifaçılardan olub. Onun 1967-ci ildə dünya şöhrətli Pako de Lusianın iştirakı ilə ərsəyə gətirdiyi “Jazz Flamenco” albomu geniş şöhrət qazanmış, sonralar ABŞ-da “Blue Note” səsyazma studiyasının kataloquna daxil edilmişdi. Həmin il Pedro İturralde üçün daha bir uğurla yadda qalmışdı. O, Berlin Caz Festivalında səhnəni Mayls Devis, Telonius Mank, Sarah Voqan və Baden Pauel ilə bölüşmüşdü.
Ötən əsrin 60-cı illərində Madridin kövrək caz səhnəsi sayılan “Whisky & Jazz Club” klubunda o özünü əvəzolunmaz bir ifaçı kimi tanıdıb. Pedro İturraldenin tenor saksofonunun əks-sədası sonradan Amerikadan gəlib. Ona Bostonun Berklee Musiqi Kollecində təqaüd ayrılıb. Pedro İturraldenin Amerika səyahəti məşhur “Down Beat” jurnalında yüksək qiymətləndirilib. İfaçının İspaniyaya qayıdışı isə Brüsseldə keçirilən “Europalia 85” musiqi macəraları ilə müşayiət olunub.