Fransada yaşayan dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Rza (Reza) Diqqəti Şuşada 1992-ci ildə çəkdiyi fotoları paylaşıb. “National Geographic” jurnalının tanınmış fotojurnalisti fotoları “Şuşada sonuncu çay – 1992-ci il” başlığı ilə paylaşıb.
O qeyd edib ki, Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın bölgədə son strateji dayağı idi: “1992-ci ilin aprel ayında Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən nəzarətə götürülmüşdü, şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi. Erməni hərbçiləri 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, saatlarla şəhəri bombaladılar. Şəhəri ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlı sakinlər ev-eşiyindən didərgin düşdü...”.
Qeyd edək ki, Rza Diqqəti fotoları #karabakhisazerbaijan, #shusha, #azerbaijan həştəqləri ilə paylaşıb.
Xatırladaq ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə hələ sovet dövründə – 1987-ci ildə səfər edib. 1992-1993-cü illərdə Azərbaycana fotojurnalist kimi gələn R.Diqqəti Xocalı soyqırımının şahidlərini, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan və Cəbrayılda baş verən hadisələri də fotoobyektivin yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. 1997-ci ildə yenidən Azərbaycana gələn R.Diqqəti burada bir neçə ay yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əks etdirib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən R.Diqqətiyə qarşı Fransa mətbuatında çoxlu yazılar dərc olunub. Bütün bunlara rəğmən Rza Diqqəti Azərbaycan gerçəklərini, o cümlədən ölkəmizin tolerantlıq və multikultural mühitini dünyada təbliğ etməyə davam edir.