Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizə səfərə gələn Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren Gəncədə olublar.

“Biz Gəncədə baş verən erməni terroru ilə bağlı buradayıq. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eyni zamanda bizim bu haqq işimizdə xaricdə yaşayan türk icmaları da Azərbaycan icmalarına dəstək verirlər”, – deyə Fuad Muradov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir: “Ermənilər bizim haqlı mücadiləmizə qarşı yalan məlumatların yayılmasında xüsusi canfəşanlıq edirlər. Biz bununla bağlı da birgə mübarizə aparırıq. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren buradan qayıdarkən bütün türk icmalarına, xaricdə yaşayan soydaşlarına erməni vəhşiliyi barədə məlumat verəcək. Bizim birgə yol xəritəmiz var və bu istiqamətdə işlərimiz davam edir”.

F.Muradov qeyd edib ki, türkiyəli qonaqlar şəhid general Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun ailələrini də ziyarət ediblər.

***

Azərbaycan Respublikasının Gənclər Fondunun dəvəti ilə ölkəmizə gələn Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti isə Bərdəyə səfər edib.

Azərbaycan Gənclər Fondundan türkiyəli gənclərə ölkəmizdə yüz minlərlə dinc sakinin otuz ilə yaxındır Ermənistanın davamlı təcavüzündən əziyyət çəkdiyi barədə məlumat verilib. Qeyd olunub ki, düşmən döyüş meydanındakı məğlubiyyətinin acısını mülki əhalimizə terror törətməklə çıxır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin raketlərlə atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

TÜGVA nümayəndə heyəti gördüklərindən dərin təsirləndiklərini bildirib, törədilmiş müharibə cinayətləri qarşısında kədər hisslərini gizlədə bilməyiblər.

Bərdə şəhərinə səfər zamanı cəbhəyanı bölgələrdən ailələri də ziyarət edən nümayəndə heyəti bu hadisələrdən zərər görmüş ailələrə bağlamalar veriblər.