Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan həmvətənlərimiz, diaspor təşkilatları Ordumuza dəstəyi özlərinə mənəvi borc hesab edirlər. Xaricdəki soydaşlarımız bu günlər mülki əhaliyə yardımlar göndərirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2,3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını komitəyə göndərib.
Bundan başqa, Rusiya Federasiyasında fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan azərbaycanlıların adından 2 ədəd “Dermatom” cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti komitəyə çatdırıb.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna böyük məbləğdə ianə köçürüblər.
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn yardımların ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyəti qurumlara təhvil verib.
Azərbaycan diasporunun Ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Dövlət Komitəsinə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.