Bu dəfə Sankt-Peterburqda
Sankt-Peterburq Mariinsk Teatrında dünya opera ulduzlarının iştirakı ilə C.Verdinin “Don Karlos” operası oynanılıb. Həm də mövsümün açılışı ilə əlamətdar olan bu tamaşada əsas partiyaları dünya opera ulduzları Anna Netrebko, Yusif Eyvazov, İldar Abdrazakov, Yekaterina Semençuk və Mixail Petrenko ifa ediblər. Hətta Mariinsk teatrının bütün tamaşalarını izləyən opera xiridarları da belə bir heyəti eyni vaxtda bir səhnədə ilk dəfə seyr etmək zövqünü yaşayıblar.
Oktyabrın 29-da və noyabrın 1-də nümayiş olunan tamaşada ayrı-ayrı vaxtlarda və səhnələrdə Don Karlosun, Yelizavetanın və Kral Filippin partiyalarını oxumuş məşhur üçlük ilk dəfə Corco Barberio Korsettinin quruluşunda çıxış edib. Tamaşanı teatrın baş dirijoru, şöhrəti əsas ifaçıların məşhurluğuna tən gələn Valeri Gergiyev idarə edib. Mariinsk səhnəsində XVI əsr İspaniyasının ruhunu çatdıran nəcib, alatoran çalarlarla süslü kostyum tamaşası kimi qurulmuş “Don Karlos” operası dörd pərdədə oynanılır.
Yelizaveta Valua partiyası Anna Netrebkonun tamaşa repertuarına yeni daxil olub. Opera ulduzu bu ilin iyun ayında Drezdendə, sentyabrda isə Böyük Teatrda mövsümün açılışında Don Karlosla Kral Filippin məhəbbəti arasında çaşqın qalan Yelizaveta rolunda debüt edib: “Bu, çox qəliz partiyadır. Soprano səsi üçün ən çətin və narahat partiyalardan olması ilə də diqqətimi çəkir. Partiyanı özümünküləşdirənədək xeyli əziyyət çəkməli oldum”, - deyə Anna Netrebko fikirlərini jurnalistlərlə bölüşüb.
İspaniya taxt-tacının gənc varisi Karlos təsadüfən Yelizaveta ilə qarşılaşır. Onların arasında ilk baxışdan məhəbbət yaransa da, qızın Kral Filippin zövcəsi olmasına qərar verilir ki, bütün faciələr də elə bundan sonra başlayır.
Anna Netrebkonun həyat yoldaşı, onunla bir çox dünya səhnələrində oyundaş olmuş Yusif Eyvazov da tamaşanın əsas qadın qəhrəmanının ifaçısı barədə fikirlərini paylaşıb:
- Bu gün istənilən tenor, bariton, yaxud bas səsli vokalçı üçün Anna ilə eyni tamaşada çıxış etmək heç də asan iş deyil. Özü də bu zaman kim yaxşıdır, kim pisdir kimi müqayisədən söhbət getmir. Primadonna ilə səhnəni paylaşmaq hünərinə uyğunlaşmaq vacibdir.
Opera “Don Karlos” adlansa da, Verdi öz operasında titul partiyaya baxmış Kral Filippə daha çox yer ayırıb. Mariinsk səhnəsində bu partiyanı İldar Abdrazakov ifa edib:
- Mən bu partiyanı ifa edərkən Verdinin musiqisindən zövq alıram. Böyük rejissorların heyrətamiz quruluşlarında çıxış etmək, Gergiyevin idarə etdiyi orkestrin müşayiəti ilə oxumaq isə böyük xoşbəxtlikdir.
Mariinsk teatrının hazırkı “Don Karlos” tamaşası yersiz dəbdəbə və şişirtmədən məhrumdur. Rejissor Corco Korsetti tamaşaçının diqqətini iştirakçıların ifasından yayındırmamaq üçün bütün imkanlardan istifadə edib.
Yeri gəlmişkən, Mariinsk bu tamaşanın nümayişində daha bir yenilikdən istifadə edib. Belə ki, tamaşaya biletlər dəvətnamə kimi ziyarətçinin adı və soyadı göstərilməklə satılıb və operasevərlərə teatra şəxsiyyəti təsdiq edən sənədlə buyurmaq təklif edilib. Teatrın elektron portalında yerləşdirilmiş məlumata görə, rəhbərlik yalnız dünya ulduzlarının iştirakı ilə baş tutacaq tamaşa və konsertlərə belə adlı bilet satışı təcrübəsindən istifadə edəcək.
GÜLCAHAN