Rusiyanın ən varlı adamı İzmirdə 7 ulduzlu hotel tikdirəcək
Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada tikdirdiyi və möhtəşəm mərasimlə istifadəyə verilən 7 ulduzlu “Mardan Palace” hotelindən sonra daha bir rus milyarder Türkiyədə lüks hotel inşa etdirmək qərarına gəlib. Türkiyənin “Hurriyet” qəzetinin yazdığına görə, Rusiyanın ən varlı adamı olan Mixail Proxorov İzmirin turistik məkanlarından olan Çeşmə qəsəbəsində 7 ulduzlu hotel tikdirmək istəyir.
Rusiyada “Nikel kralı” adı ilə məşhurlaşan iş adamı bunun üçün Çeşmədə 184 min sot torpaq sahəsi alıb. 2007-ci ildə alınan torpaq üçün 17 milyon dollar ödəyib. Proxorov 650 otaqlı lüks hotel tikdirmək niyyətindədir. İş adamının inşaat üçün etdiyi müraciətə müsbət cavab verilib. Layihəsi təsdiqlənən hotelin inşasına bu il sentyabrın sonunda başlanacaq.
Qeyd edək ki, “Mardan Palace”nin açılışı ötən həftə olub. Rusiya mətbuatı bu hotel üçün Telman İsmayılovu kəskin tənqid edib. Rusiya KİV-i onunla bağlı “Rusiyada qazanır, Türkiyədə xərcləyir”, - deyə yazıb. Bu baxımdan Proxorovun tənqidlərə hədəf olacağı bildirilir.