Adı sənətsevərlərin yaşlı nəslinin yaddaşında əbədiləşdiyi birmənalı olan Ramiz Talıbovun (1942-1977) zaman-zaman xatırlanmasının kökündə ilk növbədə vaxtsız dünyasını dəyişən qrafika ustasının sənət məkanında nümayiş etdirdiyi bənzərsizlik durur.

Əvvəlcə Bakıda məşhur “Əzimzadə məktəbi”ni (1966), sonra isə Tiflisdə yerli Rəssamlıq Akademiyasını (1972) bitirən Ramiz Talıbovun müstəqil yaradıcılığı cəmi beş il davam etmişdir. Lakin o, bu qısa zaman kəsiyində sonralar onu xatırlada biləcək əsərlər yaratmışdır. Etiraf edək ki, bu elə də asan olmamışdır. Qənaətimizcə, rəssamın bənzərsiz qrafika əsərləri ilə sənət xiridarlarının rəğbətini və çox çətin sənət rəqabəti şəraitində həmkarları arasında nüfuz qazanması onun sərgiləyə bildiyi yaradıcı “mən”inin özünəməxsus estetikaya malik olmasından irəli gəlirdi. Azərbaycan incəsənətinin, o cümlədən də təsviri sənətin  duyulası çiçəklənmə mərhələsinin yaşandığı 60–70-ci illərdə qrafika sahəsində yaşlı nəslin nümayəndələri (Ə.Rzaquliyev, Ə.Hacıyev, K.Kazımzadə, İ.Axundov, M.Rəhmanzadə, N.Axundov) ilə yanaşı, SSRİ-nin iri şəhərlərində ali təhsil alıb Bakıya qayıtmış çoxsaylı qrafiklər (A.Hacıyev, C.Müfidzadə, N.Babayev, R.Mehdiyev, E.Şahtaxtinskaya, Y.Hüseynov, B.Hacıyeva və b.) fəaliyyət göstərirdi. Odur ki, Ramiz Talıbovla yanaşı onunla eyni vaxtda sənətə gələn Arif Hüseynov, Adil Rüstəmov, Arif Ələsgərov, Arif Əziz və başqalarının həmin illərdə yaşanan sənət yarışmasında büdrəməmələri, ilk növbədə, onların hər birinin ərsəyə gətirdikləri qrafik nümunələrin bədii-texniki tutumunun bir-birindən fərqli – özünəməxsus olması ilə bağlı idi.

Onu da deyək ki, hələ tələbəlik illərində milli klassik qrafik irsimizlə tanışlığını onların yaradıcılıqla dərkinə yönəldən Ramiz Talıbovun təhsilsonrası işlədiyi çoxsaylı lövhələrdə ənənə və müasirliyin vəhdətini görmək mümkün idi. Buna onun vaxtsız vəfatından sonra baş tutan iki fərdi sərgisində (1977, 2007) nümayiş etdirilən müxtəlif janrlı qrafik əsərlərinin timsalında əmin olmaq mümkündür.

Müxtəlif mövzulu həmin lövhələrin ən diqqətçəkən xüsusiyyəti onların ayrı-ayrı qrafika texnikalarında yüksək səviyyədə yerinə yetirilməsi olmuşdur. Etiraf edək ki, qrafiklərin əksəriyyəti təhsil illərində ən müxtəlif texnikalara yiyələnsələr də, sonralar ya onları subyektiv səbəblərdən “unudur”, ya da fəaliyyət sahələrini dəyişməyə üstünlük verirlər. Ramiz Talıbov isə bir çox həmkarlarından fərqli olaraq ona ayrılmış ömür payının beşillik yaradıcılıq mərhələsində materialda işləməyə üstünlük vermiş, tuş, linoqravür, ofort və litorafiya texnikalarında bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşdur. Rəssamın bu əsərlərdə ifadə etdiyi cizgi improvizələrində hər bir texnikanın bədii şərh imkanlarının duyulası dərəcədə genişləndirildiyini görmək olar. Bu mənada onun “Bakı mənim şəhərimdir” silsiləsini xüsusi qeyd etmək lazımdır. Tuşla işlənmiş bu müxtəlif  süjetlərin hər birində özünəməxsus ovqat duyulmaqdadır.

Bakının bayram axşamını görüntüyə gətirən (“Axşam”) rəssam şaquli kompozisiyada paytaxt sakinlərinin sevincini yaddaqalan biçimdə ifadə edə bilmişdir. Qələbəlik duyulan şəhər mənzərəsi fonunda – bayram süfrəsi arxasında təsvir olunan kişi və qadın fiqurları ilə onları əhatələyən və atəşfəşanlığa sevinən insanları bir araya gətirən R.Talıbov nikbinliyə bələnmiş cəlbedici lövhə yaratmışdır. Cizgi oynaqlığından “boylanan” motivin bütövlüyə yönəli bədii həllində yüksək icra sənətkarlığı duyulmaqdadır. Ümumi estetikasında həm də primitiv sənətin işartıları duyulan lövhənin bir qədər də romantikaya bələndiyi hiss olunur.

Rəssamın  bu silsiləyə daxil olan digər lövhəsinə – “Dənizkənarı parkda” əsərinə də “Axşam”da müşahidə etdiyimiz ovqat hakimdir. Yetmişinci illərin Bakısına göz qoyan müəllif paytaxt sakinlərinin sevimli istirahət guşəsində baş tutmuş musiqi bayramını və məkandakı çoxsaylı tamaşaçıları bir kompozisiyada birləşdirməklə, görüntünün nikbin-romantik ovqata köklənməsini şərtləndirmişdir. Şaquli kompozisiyada müxtəlif yaşlı tamaşaçılarla səhnədə öz məharətlərini nümayiş etdirən musiqiçilərin qarşı-qarşıya qoyulmasından yaranan bədii bütövlükdə duyğulandırıcılıq kifayət qədərdir.

Silsilənin “Yelləncək” adlanan digər bir əsərində də paytaxt həyatının gündəlik qayğılarına özünəməxsus “bədii güzgü” tutulub. Avtomobillərin sıx olduğu küçənin və gündəlik qayğıları ilə baş-başa qalmış insanların üzərindən – iri ağacların arasından görünən və şəhərin səmasından “asılmış” kimi qəbul olunan yelləncəyin qovşağının yaratdığı mənzərənin bədii tutumunda ifadə olunan səmimilik yəqin ki, əsərin məna-məzmun yükünün əsas qayəsini dəqiq ifadə edir.

Ramiz Talıbovun “İnsan dünyası” (1977) silsiləsi onun müstəqil yaradıcılığa başlamasının beşinci ilində yaradılsa da, bu əsərləri gənc rəssamın dünyamıza və onu şərəfləndirən insanlara yaddaqalan bədii münasibəti hesab etmək olar. Müasirlərini tuş gəldikləri yaşantılarla vəhdətdə təqdim edən rəssam, əslində, görünənlərə fəlsəfi məna verməklə, onların həm də düşündürücülüyünü əldə etmişdir. İnsanı hadisələrin çoxşaxəli mənəvi ekspressiv tutumu ilə qarşılaşdıran müəllif, müxtəlif motivləri mənalandırmaqla, qrafik lövhələrin tamaşaçı arasında dialoq obyektinə çevrilməsini şərtləndirmişdir. Onların gözoxşayan estetik qaynağa çevrilməsi isə ilk növbədə rəssamın tapdığı özünəməxsus cizgi həlli sayəsində baş tutmuşdur.

Tiflis Rəssamlıq Akademiyasında keçirdiyi illər gənc rəssamın yaddaşında həmişəlik yer aldığından o, arxada qalan ayrılıq illərini Bakıda yaratdığı “Gürcüstan haqqında xatirələr” silsiləsində ifadə etmişdir. Bu lövhələrin hər birini şəhər və insanlar haqqında düşüncələr toplusu hesab etmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi, Ramiz Talıbov ən müxtəlif qrafik texnikalara bələd olmuş və vaxtaşırı onlardan yaradıcılığında istifadə etmişdir. Onun o vaxtlar Azərbaycanda az işlənən litoqrafiya texnikasında ərsəyə gətirdiyi qrafik lövhələri buna misal göstərmək olar. “Mənzərə ilə natürmort”, “Balıqlar və torlar”, “Qogenlə avtoportret”, “Hərəkət” və digər əsərlərində müşahidə olunan incə cizgilərin ahəngdarlığı məhz bu texnikanın səciyyəvi xüsusiyyətləri olmaqla, bütünlükdə, həm də gənc rəssamın bu sahədə duyulası dərəcədə püxtələşdiyindən xəbər verir.

Ramiz Talıbov zamanında qarada mənalı işıq görməyi bacaran sələfi – rəngkar Əşrəf Muradoğlu kimi, çoxlarının “ələm” rəmzi kimi qəbul etdiyi bu rəngi “nurlandırmaq”la, onun ağla qovşaqda ən müxtəlif duyğuların ifadəçisinə çevrilməsinə nail ola bilmişdir. Bu mənada onun əksər əsərlərinin, o cümlədən də linoqravür texnikasında işlədiyi “Həyəcan” və “Yay” əsərlərinin adını çəkə bilərik. Həmin lövhələrdə ağ-qara “ləkə”lərin təzadının yaratdığı bədii tutumun daşıdığı estetika müəllifin bu iki rəngə özünəməxsus yanaşmasını əks etdirir.

1977-ci ildə Moskvada keçirilən I Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan bölməsinin tərtibatında yaşlı həmkarları ilə birlikdə iştirak edən Ramiz Talıbov yaratdığı tərtibatda milli kitab mədəniyyətimizin tarixinə cəlbedici bədii məzmun verə bilmişdi. Mətbuat üzrə Dövlət Komitəsi rəsmilərinin onu bu məsul tapşırığın icrasına cəlb etmələri heç də təsadüfi deyildi. O vaxtlar ictimaiyyət R.Talıbovun dünya ədəbiyyatı nümunələrinə – Q.Lorka, A.Blok, H.Andersen və b. əsərlərinə verdiyi uğurlu tərtibatlarla tanış idilər. Əlavə edək ki, müxtəlif texnikalarda işlənmiş bu tərtibatlar və illüstrasiyalar indi də XX əsr Azərbaycan kitab mədəniyyətinə layiqli töhfə hesab olunurlar.

Bu gün aramızda olmayan Ramiz Talıbovun əmanət qoyub getdiyi bədii irsin mənəvi ocağa çevrilib bizləri isitməkdə davam etməsi, heç şübhəsiz, onun yaratdığı əsərlərin yüksək bədii-estetik dəyərindən, zamansızlığa qovuşmasından irəli gəlir. Ona görə də bu “sönmüş ocağ”ın bundan sonra da şölələnəcəyi və sənətsevərləri “qidalandıracağı” birmənalıdır…

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor