27 sentyabrdan 9 noyabradək davam edən və şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsi cəmiyyətimizdə hərbi-vətənpərvərlik ruhlu mahnı və marşlara mənəvi tələbatı daha da artırıb. Bu tarixi zəfəri və xalqımızın Qələbə sevincini tərənnüm etmək üçün yeni-yeni musiqi nümunələri yaranır.
Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, hərbi-vətənpərvərlik mövzusu dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlayaraq, bütün nəsillərdən olan peşəkar bəstəkarlarımızın yaradıcılığında mühüm yer tutur və bu mövzuda çox sayda əsərlər yaranıb. Bəstəkarların yaradıcılığında xalqımızın qarşılaşdığı faciələrə, şəhidlərimizin ruhuna ithaf оlunan əsərlərə gеniş yеr verilir. Bu silsilədən Cövdət Hacıyеvin “Şəhidlər” simfоniyası, Vasif Adıgözəlоvun “Natəvan” operası, “Qarabağ şikəstəsi”, “Qəm karvanı” оratоriyaları, Azər Rzayеvin “Bakı-90” simfоniyası, Sеvda İbrahimоvanın “Vətən şəhidləri” kantatası, Tоfiq Bakıxanоvun 7 saylı “Qarabağ harayı” simfоniyası, Firəngiz Əlizadənin “İntizar” оpеrası, Mоbil Babayеvin xоr və еstrada simfоnik оrkеstri üçün “Ağlama tоrpağım, ağlama”, Sərdar Fərəcоvun kamеra оrkеstri üçün “Оxunmamış layla” pоеması, “Matəm lövhələri” simfоnik əsərini qеyd еtmək оlar.
Hərbi vətənpərvərlik mövzusunda mahnı və marşların yaradılması istiqamətində bu gün də böyük iş aparılır. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə Azərbaycan Ordusunun şanlı zəfər yürüşünü tərənnüm edən əsərlər ərsəyə gəlir. Bəstəkarlarımızın yazdığı mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, onların hamısında vətənpərvərlik və Qələbəyə inam mövzusu tərənnüm olunur. Bəstəkarlar İttifaqına təqdim olunan bu əsərlərin səs yazısı və videoklipləri televiziya ekranlarında və radio efirində geniş yayımlanır.
Məlumatda vurğulanır ki, mahnı və marşlar bəstəkarların peşəkarlığından, Vətənə, torpağa, millətə bağlılığından, tükənməz vətənpərvərliyindən xəbər verir. Yeni dönəmdə ümumbəşəri mövzuları diqqətə çatdıran bəstəkarlarımızın əsərlərində humanizm, insan haqları və azadlıq ideyaları mövzusu xüsusi yer tutur.
Qeyd olunur ki, ittifaq bəstəkarlarımızın yaratdıqları hərbi-vətənpərvərlik ruhunda mahnı və marşların not və lent yazılarını toplayaraq, Mədəniyyət Nazirliyinə təqdim edib.
Bu mahnı və marşlar sırasında A.Səmədzadənin “Elin bayrağı” (söz: Ə.Cavad), “Azərbaycan” (söz: Q.Paşayeva), C.Quliyevin “Əsgər marşı”, A.Zahidin “Qələbəyə gedən yollar” (söz: A.Qurbani), E.Babayevin “Milli Ordumuz” (söz: H.Ziya), L.Cəfərovanın “Vətənimin övladları” (söz: Ramiq Muxtar), A.Hacıəsgərlinin “Azadlıq günü” (söz: R.Rza), F.Fətullayevin “Azərbaycan” (söz: F.Fətullayev), P.Talıblı-Axundovanın “Zəfər çağırır bizi” (söz: Ş.Musaoğlu), N.Nağıyevanın “Unutmayacağıq da” (söz: Ş.Musaoğlu) əsərləri Milli Kitabxananın təşəbbüsü ilə məcmuə şəklində çap olunacaq.