Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tanınmış dekorativ sənət ustası, rəssam Aygün Nağıyevanın “Qələbə sevinci” adlı yaradıcılıq sərgisi açılıb.
Tədbirdə çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova əvvəlcə tədbir iştirakçılarını Vətən müharibəsində Qələbə münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində xalqımız, nəhayət, öz haqq savaşında qalib gəldi, şanlı Ordumuz tarixi zəfər qazandı: “Bu qələbə bizim tariximizlə bərabər, mədəniyyətimizin və milli qürurumuzun da qələbəsidir. Və təsadüfi deyildir ki, bu gün buraya toplaşdığımız sərginin də adı “Qələbə sevinci”dir”, – deyə Natəvan Qədimova vurğulayıb.
Qeyd edilib ki, bu gün Azərbaycanın zəngin mədəniyyəti, o cümlədən Naxçıvanın mədəni irsi beynəlxalq sərgi, festival və müsabiqələrdə uğurla təbliğ edilir. İstedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində də zəruri addımlar atılır. Muxtar Respublika Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrində 21 ixtisas üzrə təhsil alan tələbələrin Mədəniyyət Nazirliyinin hamiliyinə verilməsi də görülən işlərin məntiqi davamıdır.
Bölgədə təsviri sənətin inkişafından danışan nazir bildirib ki, Naxçıvanda keçirilən 4 beynəlxalq rəsm festivalı çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasına onlarla rəssamın çəkdiyi əsərlər bağışlanıb. Yerli rəssamlar da bu sahədə nümunə göstəriblər. Nazir çıxışının sonunda ümummilli lider Heydər Əliyevin portretini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə edən Aygün Nağıyevaya təşəkkür edib və rəssamı sərgi münasibətilə təbrik edib.
Sonda tədbir iştirakçıları tərəfindən sərgiyə və qalereyanın ümumi ekspozisiyasına baxış keçirilib.