İkinci Qarabağ müharibəsi – Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə ilə bağlı AMEA-nın Tarix İnstitutunda toplantı keçirilib.
Toplantıda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqımızı, o cümlədən tarixçi alimləri təbrik edib. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə Müzəffər Ali Baş Komandan kimi daxil oldu. Müharibənin davam etdiyi günlərdə Azərbaycan Prezidentinin dünyanın otuza yaxın ölkəsinin KİV-nə verdiyi müsahibələr informasiya və diplomatiya cəbhəsində müharibənin taleyini həll etməkdə mühüm rol oynadı.
Şanlı Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi müharibədə həlledici amil oldu və iki gün sonra Ermənistan faktiki təslimçilik aktını imzaladı. “Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bununla bağlı olaraq Tarix İnstitutu qarşısında çox mühüm vəzifələr durur. Ümidvaram ki, tarixçilərimiz bu vəzifələrin də öhdəsindən layiqincə gələcək”, – deyə AMEA-nın birinci vitse-prezidenti vurğulayıb.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, elmi müəssisə erməni təcavüzkarlarına qarşı informasiya müharibəsində hər zaman yaxından iştirak edib: “Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram. O, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. Prezidentin çağırışlarını, tövsiyə və tapşırıqlarını rəhbər tutan institutda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla tədqiqatlar, sənədli filmlər işıq üzü görüb. Bu tədqiqatların müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılmasına nail olmuşuq”.
Qeyd olunub ki, Tarix İnstitutu qarşıdakı dövrdə “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə və sənədli film, “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” kimi kitablar hazırlanacaq.