Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşa şəhərində cəsur tankçı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

“Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə qələbəyə, Azərbaycanın əzəli torpaqlarının azad olunmasına sevinirik. Bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq”, – deyə o qeyd edib.

G.Zaxaryayev diqqətə çatdırıb ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilə bərabər burada yaşayan yəhudilər də Vətənin müdafiəsinə qalxdılar. Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. İşğaldan azad edilmiş Şuşada küçələrdən birinə Albert Aqarunovun adının verilməsi onun xatirəsinə ehtiram olar.

Xatırladaq ki, Albert Aqarunova 1992-ci il iyunun 7-də (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

A.Aqarunovun məzunu olduğu Bakı şəhəri 154 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin binası qarşısında qəhrəmanın büstü qoyulub. Quba rayonundakı Qırmızı Qəsəbədə də  onun adı əbədiləşdirlib. Bakının Əmircan qəsəbəsində A.Aqarunovun vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub. 2019-cu ildə Nərimanov rayonunda Milli Qəhrəmanın abidəsi ucaldılıb.