Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş vebinar
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Türkiyənin Trakya Universitetlər Birliyinin birgə təşkilatçılığı ilə “Anadan olmasının 175-ci ildönümü münasibətilə böyük qazax münəvvəri Abay (Abay Kunanbayev)” mövzusunda vebinar keçirilib.
Vebinara Kırklareli Universitetində fəaliyyət göstərən Balkan Araşdırmalar Mərkəzinin rəhbəri Ertuğrul Karakuş moderatorluq edib. Vebinarın açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Kırklareli Universitetinin rektoru Bülent Şengörürün çıxışları dinlənilib.
Sonra görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin zəngin həyatı və yaradıcılığı barədə söhbət açılıb.
Azərbaycandan Elman Quliyev, Qırğızıstandan Kojogəldi Kultəkin və başqaları olmaqla tanınmış alimlər Abay Kunanbayev yaradıcılığını qazax və türk dünyası ədəbiyyatında tükənməz irs kimi dəyərləndiriblər. Vurğulanıb ki, Abay Kunanbayevin irsi bütün türk ədəbiyyatçıları tərəfindən cəlbediciliyini qoruyacaq və hər zaman araşdırmaçıların diqqətində olacaq. Çıxışlarda ədibin əsərlərinin dünyada yayılması, yaradıcılığının təhlili, eləcə də əsərlərinin nəşri barədə məlumat verilib.
Xatırladaq ki, TÜRKSOY hər il türk xalqlarının görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılması məqsədilə onların şərəfinə xatirə ili elan edir. 2020-ci il türk dünyasında “Abay Kunanbayev ili” elan edilib.