Azərbaycan növbəti sərgiyə də dəvət alıb
Azərbaycan turizmi beynəlxalq sərgilər vasitəsilə dünyada tanınır. Büdcəsinin yarıdan çoxunu turizm sahəsindən əldə etdiyi gəlirlə formalaşdıran ölkələrin də iştirakçı olduğu beynəlxalq turizm və səyahətlər sərgilərindən biri iyunun 11-14-də Çin Xalq Respublikasının Honq Konq şəhərində baş tutub.
Bu sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanov və Marketinq və təbliğat sektorunun məsləhətçisi Leyla Verdiyeva təmsil edib.
Mahir Qəhrəmanovun qəzetimizə verdiyi məlumata görə, «İT HK2009» adlı Beynəlxalq Turizm Sərgisində ölkəmizin turizm potensialını əks etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 27 kv.m.-lik lövhə icarəyə götürülüb. Bundan əlavə, respublikamızın mövcud turizm imkanlarını nümayiş etdirmək üçün çap məhsulları hazırlanaraq sərginin ziyarətçilərinə və iştirakçılarına təqdim edilib: ««İT HK2009» Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 600-dən artıq şirkət iştirak edirdi. Sərgi dövründə ölkəmizə fərdi və qrup şəklində turistlərin səfərlərinin təşkili ilə bağlı Çin Xalq Respublikasının «T and E Travel», «Global Limited», «Jhina Travel Servije», «JTJ Holidays», Rusiyanın «Sputnik» şirkətlərinin, Türkiyə, Avstraliya və s. ölkələrin nümayəndələri ilə görüşdük. Görüş zamanı həmin ölkələrin nümayəndələri Azərbaycanın turizm potensialına böyük maraq göstərdiklərini bildirdilər».
Nazirlik sözçüsü onu da bildirdi ki, sərginin davam etdiyi müddətdə bir sıra yerli mətbuat nümayəndələrinə («TTG Asia», «East week», «Honq Konq Economic Cournal Jo» və s.) ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat veriblər: «Bundan əlavə, «İnternational Link Magazine» və «HK Disjovery» internet səhifələrində, həmçinin «New Focus travel magazine» jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən materialların yerləşdirilməsi barədə həmin mətbu orqanların təmsilçiləri ilə danışıqlar apardıq. Öz növbəsində jurnalın nümayəndələri də Azərbaycana səfər edərək aidiyyəti materialların toplanmasını və həmin məlumatların ödənişsiz olaraq yerləşdirilməsi təklifini irəli sürdülər. Həmçinin sərgi zamanı yerli “i-cable” televiziya şirkətinin əməkdaşları Azərbaycanın stendində çəkilişlər apardılar və bu haqda xüsusi reportaj hazırladılar».
M.Qəhrəmanovun dediyinə görə, «İT HK» sərgisinin təşkilat komitəsi ilə də görüşüblər. Görüş zamanı təşkilat komitəsi tərəfindən 2010-cu ildə keçiriləcək növbəti sərgidə iştirak etmək təklifi alıblar.
Fəxriyyə Abdullayeva