Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilən V Buktreyler Festivalının qalibləri noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunan mərasimdə mükafatlandırıldı.
Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimi giriş sözü ilə açan Buktreyler festivalının təsisçisi, kinoaktyor, prodüser Ruslan Sabirli Vətən müharibəsində tarixi zəfər münasibətilə iştirakçıları təbrik etdi. Vurğuladı ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində göstərdiyi rəşadətin bədii ədəbiyyatda və kinoda əksini tapması gələcək nəsillər üçün böyük vətənpərvərlik dərsi ola bilər.
Layihə barədə söz açan Ruslan Sabirli vurğuladı ki, bu il 5 yaşını qeyd edən Buktreyler festivalının müddəti pandemiya səbəbindən uzadılıb və qaliblər ənənəvi olaraq aprel-may aylarında deyil, indi elan edilir.
Bildirildi ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyler ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növüdür. O, festivalın təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, qaliblərə təbriklərini çatdırdı. Bildirdi ki, buktreyler festivalı dünyanın bir çox ölkələrində yayılıb: “Müasir rəqəmsallaşmış dövrdə müəlliflərin cəmiyyətə çıxışı üçün onlayn platforma kimi tətbiq edilən, ədəbiyyat və kino sahəsinin insanlarını bir araya gətirmək baxımından təqdirəlayiq layihədir. Arzu edirəm ki, festival hər il daha da yenilənərək inkişaf etsin, Vətənimizi, tariximizi, mədəni irsimizi tərənnüm edən professional işlər reallaşsın. Müəllifin kitaba köçürdüyünü rejissor vizual olaraq çatdıra bilsin. Kitaba sevgi və tələb günü-gündən artmalıdır. Təbliğat nə qədər çox olarsa, kitaba sevgi də bir o qədər çox olacaq”.
Münsiflər heyətinin üzvləri – Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Əməkdar artist Qurban Məsimov, Xalq artisti Xalidə Quliyeva, jurnalist İlhamiyyə Rzayeva çıxış edərək festivalın kitabın təbliğinə, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsinə, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasına, buktreylerin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət etdiyini vurğuladılar.
Daha sonra festivalın qalibləri elan edildi. Bildirildi ki, Rəşad Hüseynovun “Yeddinci mərtəbədə qətl” buktreyleri 1-ci, Ağaməli Əliyevin “Pinqvinlər üçün, Mari” və Orxan Adıgözəlovun “Ölsəm, bağışla” işləri 2-ci, Kərim Rəhimovun “Erməni zindanında 8 gün”, Mürsəl Qafarovun “Difai” fədailəri” və Masər Həsənovun “Çin olmuş yuxu” lentləri 3-cü yerə layiq görülüb.
Qaliblərə diplom və Mədəniyyət Nazirliyinin mükafatları təqdim olundu.
LALƏ