Bu məbləg neftçilərə aid deyil
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən xəbərə görə, ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin tabeliyində olan istirahət düşərgələri builki yay mövsümünə tam hazırdır.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən 60 yerlik “Geofizik” və 54 yerlik “Nabran” istirahət zonalarında ARDNŞ-nin idarə və təşkilatlarında çalışan neftçilərin və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə tədbirlər planı hazırlanıb. Hər iki istirahət zonasında Sosial İnkişaf İdarəsinin mədəniyyət saraylarında fəaliyyət göstərən bədii kollektivlərin konsertləri və digər mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulur. “Geofizik” istirahət zonasında fəaliyyət göstərən tibb otağında hər iki istirahət zonasında dincələnlər üçün tibbi xidmət təşkil olunub. Təsdiq edilmiş smetaya əsasən, gündəlik 1 nəfərin 1 gün ərzində istirahətinə çəkilən xərc 44 manat olsa da, istirahət zonasında dincələn işçilər və onların ailə üzvləri bu məbləğin yalnız 15 faizini ödəyəcəklər. Builki mövsümdə «Geofizik» və «Nabran» istirahət zonalarında ümumilikdə 3 mindən artıq neftçi və onların ailə üzvlərinin istirahəti nəzərdə tutulub.
Fəxriyyə Abdullayeva