İncəsənət ustaları Şuşada hərbçilərimiz qarşısında çıxış ediblər

Vətən müharibəsinin od-alovundan keçərək qələbə bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə görüşlər keçirilib, incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında vətənpərvərlik tədbirləri keçirilib.

Layihənin müəllifi – Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan iftixarla söhbət açıb.

Xalq artisti Samir Cəfərov, Əməkdar artist Cahangir Qurbanov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə müzəffər Ali Baş Komandanı, rəşadətli Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.

Bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə yazdığı “Qələbəyə gedən yollar”, “Qalib sərkərdə”, “Müzəffər Ordumuz”, “Qələbə müjdəsi”, “Biz gəlmişik, Qarabağ” mahnılarını döyüşçülər alqışlarla qarşılayıblar.

Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.

Bülbülün ata ocağında iməcilik keçirilib. Bülbülün repertuarından “Sənsiz”, “Sevgili canan” romansları və “Koroğlu” operasından parçalar ifa edilib.

Tədbirin təşkilatçıları əminliklə bildiriblər ki, xalqımızın xilaskar oğlu, qalib sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün bölgələrimizdə, o cümlədən Şuşada tezliklə böyük quruculuq işləri aparılacaq, köçkünlər öz doğma yaşayış məntəqələrinə qayıdacaq, Azərbaycan əsgəri bundan sonra da əzəli və əbədi torpaqlarımızın müdafiəsində mərdliklə dayanacaq.

Vətənpərvərlik ruhlu tədbirlər işğaldan azad olunan digər rayonlarda davam etdiriləcək.