“DokuBaku” dünyanın sənədli film yaradıcılarını Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır. Bu il 4-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında onlayn formatda gerçəkləşəcək.

Festival 30 noyabr – 6 dekabr tarixlərində keçiriləcək. Bir həftə ərzində dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq. Hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı filmləri ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirib ki, Azərbaycanca və ingiliscə altyazı ilə nümayiş sənədli filmləri izləyiciyə daha əlçatan edir.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Onların içərisindən seçilən xarici  tammetrajlı, qısametrajlı, eləcə də yerli filmlər auditoriyaya təqdim olunacaq. Sonda beynəlxalq və yerli mütəxəssislərdən ibarət  jüri heyəti ümumilikdə 4 kateqoriyada qalibi seçəcək: ən yaxşı tammetrajlı sənədli film; ən yaxşı beynəlxalq qısa və yerli sənədli filmlər; “X kateqoriyası”.

Festival filmləri barədə ətraflı məlumatı aşağıdakı linkdə əldə etmək olar:

https://az.dokubaku.az/program

Festivalın açılışını azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi edəcək və ekran əsərinin ilk yerli nümayişi keçiriləcək.