Türkiyənin Manisa Böyükşəhər Bələdiyyə Məclisinin noyabr toplantısında Manisa ilə Azərbaycanın Şirvan şəhərinin “Qardaşlaşmış şəhərlər” olması təklifi irəli sürülüb. Təklif yekdilliklə qəbul edilib.
Qərarın qəbulundan sonra çıxış edən Manisa Böyükşəhər Bələdiyyəsinin başqanı Cengiz Ergün Azərbaycanı Qarabağdakı qələbə münasibətilə təbrik edib, 30 ildir işğal altında qalan torpaqların yenidən öz həqiqi sahibinə qayıtdığını bildirib. O deyib: “Qardaş Azərbaycanın Şirvan şəhəri ilə Manisamızın qardaşlaşmasında son mərhələyə gəldik. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən Manisa ilə qardaş şəhər ola biləcək şəhərlərin siyahısı bizə verildi. Komissiyamız da bu işlərini tamamladı və Şirvanla Manisanın qardaş şəhərlər olmasını uyğun bildi. Qarabağ zəfəri münasibətilə can Azərbaycana salamlarımızı göndərir, “Zəfərin mübarək!” deyirik”.
Daha sonra Manisa Bələdiyyəsinin Media yayımı və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanan Şirvan şəhəri ilə bağlı videoçarx nümayiş etdirilib.
Bu münasibətlə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən bələdiyyə başqanı Cengiz Ergünə və məclis üzvlərinə təşəkkür məktubu ünvanlanıb.
Mehparə SULTANOVA
Ankara