Aşqabadda “Oğuznamə - tarixi və mədəni mənbə kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən gəlmiş tanınmış alimlər, Türkmənistan Elmlər Akademiyasının və ali məktəblərinin əməkdaşları, tələbə və müəllimləri iştirak ediblər. Tədbirdə ölkəmizdən Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər və tədqiqatçı alim İsmixan Osmanlı iştirak edib.
Konfransda “Oğuznamə”nin süjeti və poetikasının öyrənilməsi, türkdilli xalqların ədəbiyyat və mədəniyyəti, həmçinin dillərinin öyrənilməsidə bu əsərin rolu ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd olunub ki, oğuzlar, onların həyatı və hərbi yürüşləri haqqında epik əsər olan “Oğuznamə” tarixi-ədəbi abidəsi ümumbəşəri əhəmiyyət kəsb edir və hərtərəfli şəkildə öyrənilməlidir. Alimlər xalq müdrikliyinin mənbəyi olan bu əsərin tərbiyəvi rolundan da danışıblar.
Azərbaycanlı alimlər Bakıda nəşr edilən “Oğuznamə”lər haqqında danışıblar, bu qiymətli mənbənin tədqiqi ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.