XIX əsrə aid abidə müasir tələblərə cavab verir
Azərbaycan tarixinin zənginliyinin sübutu olan qədim abidələrimizin qorunması hazırda dövlətin diqqət mərkəzindəki sahələrdəndir. Son bir neçə ildə Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına daxil olan mədəni irs nümunələrimizin bərpası və əvvəlki vəziyyətinə qaytarılması bunu bir daha təsdiq edir. Bu silsilədən bugünlərdə daha bir tarix yaddaşımız əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Həmin abidə Xırdalan şəhərində yerləşən XIX əsrə aid qədim hamamdır.
Nazirlər Kabinetinin 2001-ci il 3 avqust tarixli sərəncamına əsasən yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilən bu qədim hamam Xırdalan şəhər sakini, xeyriyyəçi Ağabala Xaliqov tərəfindən bərpa etdirilib. Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təmir işləri müvafiq qurumların rəsmi icazəsi və birbaşa nəzarəti altında aparılıb. Təmir zamanı binanın qədimliyi və Şərq memarlıq üslubu, milli ornamentlər qorunub saxlanılıb.
Qeyd edək ki, bu tarixi abidə uzun müddət istifadəsiz qaldığından tam yararsız hala düşmüşdü. Ancaq əsaslı təmir işlərindən sonra köhnə hamam müasir tələblərə cavab verən abidəyə çevrilib.
Fəxriyyə Abdullayeva