Distant təhsilin müddəti isə dekabrın 30-dək uzadılıb
Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron formada yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.
Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müvafiq qanun layihəsi noyabrın 30-da Milli Məclisin Elm və Təhsil komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Qanun layihəsinə əsasən, eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında arayış veriləcək.
“Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədlərinin “Təhsil Mərkəzlşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılması təklif olunur.
Yeri gəlmişkən, mövcud karantin rejimi ilə bağlı ölkədəki təhsil müəssisələrində distant təhsilin müddəti dekabrın 30-dək uzadılıb.
Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Bundan öncə qərarda distant təhsilin müddəti noyabrın 2-dən dekabrın 1-dək müəyyən edilmişdi.