Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Səfiri salamlayan Anar Kərimov bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi kimi tanındığını vurğulayıb. Səfirə Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verilib.
Azərbaycanla Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini deyən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Söhbət zamanı 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyəti vurğulanıb. Mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəni irsinin təqdim edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.