Tarixi abidələrimizin bərpası regionlara turizm axınını gücləndirəcək
Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı”na müvafiq olaraq 2006-cı ildə bərpasına başlanılan Lənkəran şəhərindəki XVII əsrin tarixi abidəsi olan Dairəvi Qalada yenidənqurma işləri başa çatıb.
İran hökmdarı Nadir şahın göstərişi ilə istehkam məqsədilə tikilmiş qalanın yalnız bir hissəsi bu günə kimi mühafizə edilib. Burada “Lənkəran qalası” kompleksinə daxil olan “Mayak”la birləşən yeraltı keçid də mövcuddur.
Çar Rusiyası zamanı qaladan həbsxana kimi istifadə olunub.
Dairəvi Qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.
Üçmərtəbəli tarix və mədəniyyət abidəsinin bərpası üçün dövlət tərəfindən 453 min manat vəsait ayrılıb.
Mütəxəssislər yenidənqurma işləri apararkən qalanın Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan layihə sənədlərindən, eskizlərindən və fotoşəkillərdən də istifadə ediblər.
Fəxriyyə ABDULLAYEVA