Şanlı Ordusunun Vətən müharibəsində qazandığı tarixi zəfərin faktiki nəticəsi olaraq Laçın rayonu da Azərbaycana qaytarıldı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı bəyanatın 6-cı bəndinə uyğun olaraq, dekabrın 1-də Azərbaycan Ordusu Laçın rayonuna daxil olub.

Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına  təbrik müraciətindən sonra paytaxt sakinləri, o cümlədən Laçın rayonundan olan insanlar əllərində üçrəngli bayraqlarla Şəhidlər xiyabanına yürüş ediblər. Sevinc hisslərini ifadə edən yüzlərlə insan “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib,

Laçın sakini Ramin Məmmədov: “Dekabrın 1-i bizim üçün sevincli bir gündür. Çünki doğma yurdumuz olan Laçın işğaldan azad olunur.  Bu münasibətlə xalqımızı və bütün laçınlıları təbrik edirəm. Vətən müharibəsində canları fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyirəm. Tanrı xalqımızı qorusun”.

Elnur Kərimli: “28 ildir ki, biz bu xəbəri gözləyirik. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandana və qüdrətli Ordumuza təşəkkürümü bildirirəm. Laçın bizimdir! Qarabağ Azərbaycandır!”.

Teymuraz Kərimov: “28 il bundan əvvəl ailəmlə Laçından bu maşınla (“QAZ –69”) çıxmışam. Bircə arzum var idi ki, Laçın azad olunsun həmin maşınla doğma yurduma qayıdım. Heç vaxt ümidimi itirmədim. Şükürlər olsun ki, biz Laçına qayıdırıq”.

Paytaxt sakini Nicat Məmmədov deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Bu gün Laçın rayonu işğaldan azad olundu. Bu gün tarixi gündür. Xalqımız dövlətimiz və ordumuzla qürur duyur, Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir”.

N.MƏMMƏDLİ