Bu müqəddəs savaşın bütün şəhid və qazilərinə bir ömür borcumuz var

Azərbaycanın tarixi zəfəri, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsindən 24 gün ötür.

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin bizə bəxş etdiyi qalibiyyətdən ötən hər gün onun tarixi önəmini daha da artırır. Bu qalibiyyətin dəyər və əhəmiyyəti gələcək tarix səhifələrində daha aydın görünəcək. Amma bu gerçək hər birimizə aydındır: Vətən müharibəsi haqq və şərəf mübarizəmizin şanlı salnaməsi kimi tarixə əbədi yazılacaq.

Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq.

Azərbaycan Respublikasının Prezidenti dekabrın 3-də “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilir.

Bu sükutun zamanı dəqiqə sürsə də, yaddaşlarda yaşadacağı xatirə zamansızdır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin daha bir sərəncamı ilə Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı tarix – 27 sentyabr bundan sonra Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Dövlət başçısının digər sərəncamı ilə Vətən müharibəsində həlledici rol oynayan və düşmənin kapitulyasiyasını labüd edən qalibiyyət – Şuşanın düşmən əsarətindən qurtarıldığı 8 noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü elan edilib. Məhz Şuşa zəfəri işğalçı Ermənistanın öz məğlubiyyətini etiraf etməyə və işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını da Azərbaycana qaytarmağa məcbur etdi.

Dekabrın 3-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsi ilə əlaqədar məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatda deyilir:

Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Amma müharibə itkisiz olmur.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!